Azərbaycanda saxlanılan erməni hərbçilər terrorçulardır, diversantlardır
Ermənistan tərəfində saxlanılan azərbaycanlı hərbçilər isə günahsız insanlardır
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanda məhkum edilmiş azərbaycanlıları Bakıda saxlanılan ermənilərlə dəyişdirməyə hazırdır. Baş nazirin sözlərinə görə, Bakıda saxlanılan ermənilərin qaytarılmasının yollarından biri Azərbaycanla danışıqların aparılmasıdır. Xatırladaq ki, aprel ayında Naxçıvanda Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüblər. Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg az"a açıqlamasında deyib ki, Ermənistan tərəfinin istəyi odur ki, iki günahsız Azərbaycan əsgərini ölkəmizdə saxlanılan erməni diversantlarla, terrorçularla dəyişdirsin. Hüquq müdafiəçisi vurğulayıb ki, bu məsələ siyasiləşməyə doğru gedir, çünki dəyişdirilməsindən söhbət gedən şəxslər heç bir halda bir-birinə uyğun deyil:
"İki Azərbaycan əsgəri hərbçi olsa belə, onların heç bir günahı yoxdur. Konkret cinayət əməli törətməyiblər və uydurma ittihamlarla onlar üzərində məhkəmə qurulub. Amma Bakıda cəza çəkən erməni terrorçular Azərbaycan xalqına qarşı hərbi cinayətlər, soyqırımlar və terror aktları törətmiş şəxslərdir. Bu baxımdan onların dəyişdirilməsi hüquqi cəhətdən qəbuledilən deyil. Ancaq istənilən halda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması gündəlikdə duran məsələdir. Noyabrın 30-da sərhəddə iki ölkə təmsilçiləri arasında görüş keçiriləcək, sərhədlərin delimitasiyası müzakirə olunacaq. Qazaxın yeddi kəndi, Naxçıvanın bir kəndi ermənilərdədir. Eksklavlar var ki, onların müzakirəsi hazırda davam edir. Yəni iki ölkə arasında ərazi bütövlüyü məsələsi, sərhədlərin toxunulmazlığı əsas müzakirə predmetidir. Düzdür, Ermənistan özünə sərf edən variantları təklif edir ki, bu da Azərbaycan tərəfindən əsla qəbuledilən deyil. Lakin istənilən halda iki ölkə arasında sülh müqaviləsi imzalanması üzrə müəyyən addımlar atılmaqdadır".
Müsahibimiz diqqətə çatdırıb ki, sülh müqaviləsi imzalanarsa, iki ölkə bir-birinin ərazi bütövlüyünü rəsmən tanıyarsa, hərbi əsirlər məsələsi, onların dəyişdirilməsi o zaman gündəmə gələcək:
"Əsirlərin dəyişdirilməsi sülh müqaviləsi imzalandığı ərəfədə, yaxud o prosesin tərkibində olacaq. Sözün açığı, inanmıram ki, sülh müqaviləsinə qədər ayrıca proses kimi əsirlərin dəyişdirilməsi baş tutsun. Çünki yenə deyirəm, adekvat deyil. Azərbaycanda saxlanılan erməni hərbçilər terrorçulardır, diversantlardır. Ermənistan tərəfində saxlanılan azərbaycanlı hərbçilər isə günahsız insanlardır. Sadəcə, qeyri-münasib hava şəraiti zamanı azaraq qarşı tərəfə əsir düşüblər.