"Heç bir dövlətə icazə verə bilmərik ki, ölkə daxilində belə təbliğat şəbəkələşmə aparsın"
Son günlər məlum olub ki, bir sıra xəbər portalları təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Həmin saytlar ABŞ-nin “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED) və digər təşkilatlarla əlaqədə olublar. Belə saytlardan biri “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüb. Xarici səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank of Georgia” bankları vasitəsilə hesablarına köçürülüb. ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. Qeyd olunan mövzulardan da göründüyü kimi, bu şəbəkənin məqsədi heç də ölkədə hansısa inkişafa nail olmaq deyil, əksinə, saman tayasında bir iynə tapıb onu beynəlxalq aləmə car çəkməkdir. Son nəticədə də həmin tapılan çöp Ermənistanın havadarları olan dövlətlər və qurumlar tərəfindən qlobal səviyyədə şişirdilməklə bəyan olunur.
Millət vəkili Ceyhun Məmmədov "Sherg az"a deyib ki, Qərb ölkələrinin və onlara məxsus təşkilatların bu cür addımları ilə ilk dəfə rastlaşmırıq. Deputat vurğulayıb ki, təəssüf ki, bir sıra Qərb dövlətləri, eləcə də, Avropa təşkilatları Azərbaycanda öz şəbəkələrini formalaşdırmaq, ictimai-siyasi duruma təsir göstərmək, həmçinin hakimiyyət çevrilişinə nail olmaq üçün davamlı olaraq bu tip addımlar atırlar:
"Qərbin bu cür məkrli hərəkətləri dəfələrlə dövlət qurumları tərəfindən ifşa olunub. Amerikada təhsil alan azərbaycanlı gəncləri müəyyən "xoşməramlı" tədbirlər adı altında cəlb edərək, öz siyasətlərinə, pozuculuq fəaliyyətlərinə dəstək verəcək şəbəkələr formalaşdırırlar. Azərbaycan dövlət qurumlarının aşkarladığı faktlar da göstərir ki, məlum şəbəkələrin dövlətimizlə bağlı məkrli məqsədləri, planları var. Onlar davamlı olaraq bu kimi addımları atırlar. Əlbəttə ki, belə şəbəkələrin ifşa olunması və onlarla bağlı qanuni addımların atılması olduqca önəmli və vacibdir. Cəmiyyətimiz, gənclərimiz də bilməlidir ki, bu cür planların, hədəflərin arxasında çox çirkin məqsəd və niyyətlər var. Heç bir dövlətə icazə verə bilmərik ki, ölkə daxilində belə təbliğat şəbəkələşmə aparsın. Bunun qarşısını mütləq almaq lazımdır. Gənclərimiz də diqqətli olmalıdır, belə vədlərə aldanmamalıdır".