ABŞ əvvəlki mövqeyinə qayıdır
"ABŞ Azərbaycana qarşı qadağa siyasətində geri addım atdı". Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəngi Vaşinqtonun yenidən iki ölkə arasında vasitəçilik missiyasına hesablanıb:
"Azərbaycan Vaşinqtonun vasitəçiliyindən imtina edib. Çünki ABŞ Konqresində dinləmələrdə anti-Azərbaycan kampaniyasına start verilib. Həmçinin bununla da yüksək səviyyədə Azərbaycana qarşı siyasi qadağalar tətbiq edib. Rəsmi Vaşinqton hesab edir ki, bu təzyiqlər fonunda Azərbaycan geri addım atacaq və Ermənistanla istədikləri şərtlərlə sülh müqaviləsinin imzalanmasına gedəcək. Amma Prezident İlham Əliyevin prinsipial və milli maraqlara söykənən siyasəti bu təzyiqlərə baxmayaraq, dövlətin maraqlarını yüksək səviyyədə qorudu. Blinkenin zəngi ilə Azərbaycanla yüksək səviyyədə səfərləri və dialoqu qadağan edən ABŞ özü qadağanı pozmuş oldu. Görünür, Vaşinqtonda başa düşdülər ki, Azərbaycanla əlaqələri kəsmək ABŞ-nin Cənubi Qafqaz siyasətinə mənfi təsir edəcək. Regionda Rusiyanın sıxışdırılması siyasəti baş tutmayacaq".
M.Əsədullazadə vurğulayıb ki, dövlət katibinin zəngi ilə ABŞ və Azərbaycan arasında münasibətlərdə diplomatik təmasların və ikitərəfli səfərlərin davam etdirilməsi razılaşdırıldı: "Bununla da Vaşinqton-Bakı arasında son günlər əsən soyuq küləklər isinməyə başladı. Blinkenin Ermənistan və Azərbaycan liderlərini Vaşinqtona dəvət edərək üçtərəfli danışıqlar prosesini başlatmaq təklifi istisna deyil. Rəsmi Bakının bu təklifi qəbul etməsi də mümkündür. Təbii ki, ABŞ əvvəlki mövqeyinə qayıtmalıdır. Azərbaycanın regionda uğurlu siyasət aparması, Mərkəzi Asiya ölkələri və Türkiyə ilə sıx siyasi-iqtisadi əməkdaşlığı Vaşinqtonun regional siyasətində korrektələr etməyə gətirib çıxarır. ABŞ-nin Paşinyana təlimatlar verməsi də mümkündür. Çünki Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan Rusiyanın təsirindən çıxa bilməyəcək. Ona görə də Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addımlar atılacaq".