Kəndlərimiz hansısa formada qaytarılmalıdır? -ŞƏRH

Anklav məsələsi həll olunmayana qədər Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıması mümkün deyil 


  Ermənistan mediası sülh müqaviləsində Bakının İrəvan qarşısında qaldırdığı tələblərlə bağlı yeni iddialar irəli sürüb. “Hraparak” nəşri Azərbaycanın sülh sazişinə dair təklifləri ilə tanış olan erməni deputatlara istinadən müəyyən detalları dərc edib. Nəşr iddia edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, lakin bunu rəqəmlə qeyd etmir: “Yəni Ermənistanın 29 min 800 kvadratkilometr ərazisi olduğunu qəbul etmir. Ermənistanın ərazisi sərhədin delimitasiya və demarkasiyasından sonra bəlli olacaq”. Qəzet yazıb ki, Azərbaycan sərhədin SSRİ dövrünün xəritələrinə uyğun delimitasiyasını da qəbul etmir: “1974-1979-cu illərin xəritələri seçimlər arasındadır, lakin Azərbaycan heç bir xəritə ilə razılaşmır. Bakının əsas tələblərindən biri də anklavlardır”. Xatırladaq ki, Ermənistan parlamentinin müxalif deputatları Geqam Manukyan, Kristine Vardanyan və Aspram Krpeyan ötən həftə sülh sazişinə dair Azərbaycanın təklifləri ilə tanış olmaq üçün Ermənistan Xarici İşlər Nazirliyində olublar. Nəşr iddialarını bu deputatlara istinadən irəli sürüb. Manukyan sənədin tam məxfi qrifli məqamlarını ictimaiyyətə açıqlamasa da, qeyd edib ki, qorxuları gücləndirdi. Qeyd edək ki, Ermənistan sərhədin delimitasiyasını öz xeyrinə həll etmək istəyir. Azərbaycan isə delimitasiya prosesində tarixi ədalətsizliyi bərpa etmək niyyətindədir.

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, müharibədə qalib tərəfin məğluba şərtlərini diktə etmək hüququ var. Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın 29 min 800 kvadratkilometr ərazisini tanımaq fikrində deyil:

 "Ermənistan ərazisinin sərhəd delimitasiyasından sonra bəlli olacağı nəzərdə tutulur. Təkliflərə anklavlar və yolların blokdan çıxarılması da daxildir. Burada qeyri-adi heç nə yoxdur. Anklav kəndlər məsələsi həll olunmayana qədər Azərbaycanın Ermənistanın konkret ərazisi çərçivəsində ərazi bütövlüyünü tanıması mümkün deyil. Kəndlərimiz hansısa formada və ya ərazi mübadiləsi şəklində geri qaytarılmalıdır. Əgər Ermənistan Qərbi Zəngəzurun əlindən çıxacağından qorxursa, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu halda Azərbaycan da Qərbi Zəngəzur daxil Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Əks halda yəni İrəvan Qarabağ bəndinin sülh sazişinə salınmasına çalışacaqsa, Azərbaycanın da Qərbi Zəngəzura iddiası davam edəcək və sülh sazişi imzalanmayacaq. Bu isə Baş nazir Nikol Paşinyanın sonunu gətirəcək. Ona görə Nikol Paşinyan və Ermənistan üçün ən optimal yol zəif müxalifətin reaksiyasından asılı olmayaraq Azərbaycanın şərtləri çərçivəsində sülh sazişini imzalamaqdır".