Kremldən yeni təklif: Rusiya region üçün təhlükə olaraq qalmaqdadır

Ermənistanda dövlət çevrilişi olsa, sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkiləcək

  Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayıb. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması müddətini tərəflər özləri müəyyən etməlidir: "Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır". 

  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, bunu Rusiyanın Azərbaycan və Ermənistana Moskvada sülh müqaviləsini bağlamaq təklifi kimi dəyərləndirmək olar. Ekspert xatırladıb ki, Kreml Avropa İttifaqının Ermənistandakı missiyasının sayının artmasını Rusiyaya qarşı siyasət kimi görür: 
"Moskva Paşinyanı təhdid edərək bunun mənfi fəsadlara gətirib çıxaracağını qeyd edir. Rusiya xarici işlər nazirinin müavini M.Qaluzin tərəfindən verilən mesajın Ermənistan üçün ciddi siyasi nəticəsi ola bilər. İlk növbədə Moskvada görüşdən yayınan Ermənistan tərəfidir. Avropa İttifaqının müşahidə missiyasının Ermənistana dəvət edilməsi Azərbaycanla deyil, birbaşa Rusiyaya bağlı məsələdir. Azərbaycanla Ermənistan arasında normal proses gedir. Sülh müqaviləsinin bağlanması istiqamətində ciddi irəliləyişlər var. Belə olan təqdirdə Avropa İttifaqının mülki və texniki missiyası heç də Ermənistanı Azərbaycandan "qorumağa" hesablanmayıb". 
  
Analitik diqqətə çatdırıb ki, Ukraynada müəyyən təşəbbüsü ələ alan Rusiya Ermənistanı təhdid edir və Azərbaycana təklif göndərir: 
"Əgər ABŞ başda olmaqla,  NATO Rusiyanı Ukraynada durdurmazsa, Kreml Ermənistanda dövlət çevrilişi həyata keçirə bilər. Ermənistanda Rusiyanın hərbi bazası təhlükədədir. Yaxın perspektivdə bağlanma riski var. Ermənistanda dövlət çevrilişi isə Azərbaycanla sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkir. Rusiya region üçün təhlükə olaraq qalmaqdadır. Kreml Azərbaycanla Ermənistan arasında ikitərəfli sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanması Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərinin zəifləməsinə gətirib çıxaracaq".