“Məqsəd Zəngəzur dəhlizi məsələsini səhmana salmaq, bölgədə kataklizmlərin aradan qaldırılması üçün profilaktik addımları müəyyənləşdirməkdir”
Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib. Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla da təkbətək görüşüb. Nazirlər mətbuatla bəyanatlarla çıxış ediblər. Ekspertlərin fikrincə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana gəlişi indiki dövrdə əhəmiyyətlidir, çünki biz strateji müttəfiqik. Şuşa bəyannaməsi daimi məsləhətləşməni diktə edir. Həm də ciddi hadisələr baş verib, Ermənistanla sülh sazişinin imzalanması üçün təmaslar genişlənib. Türkiyə bu prosesdən kənarda qala bilməz. Çünki Ermənistan Azərbaycanla sülh sazişi imzalayan kimi İrəvanın Türkiyə ilə münasibətlərinin də normallaşması prosesi başlayacaq. Ona görə də Bakı ilə Ankaranın İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə olduğu kimi sinxron hərəkət etməsinə ehtiyac var.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə ortaq gələcəklərini birgə müəyyənləşdirir. Partiya rəhbərinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatının üzv ölkələri də xarici siyasətlərini, təhlükəsizlik və hətbi məsələlərini koordinasiya edirlər:
"Artıq vahid ev qurulub. Türkiyə və Azərbaycan bu evin məhvərini təşkil edirlər. Bütün məsələlərdə, xüsusən xarici siyasətdə razılaşmalar var. Fransa Aralıq dənizi, Orta Şərq və Afrikada mövqelərini uduzandan sonra Cənubi Qafqazda Türkiyənin yerini tutmağa çalışır. Başa düşür ki, Türkiyə bölgədə yaranmış boşluğu dolduracaq. Rusiya-Ukrayna müharibəsindən sonra da regionda yeni şərait yaranacaq. Ona görə də böyük güclərin ciddi fəaliyyətinin şahidi olmaqdayıq. Ermənistan da anlayır ki, böyük qardaşı - Rusiyadan üz döndərirsə, digər qardaşları çox uzaqdadırsa, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması həyati əhəmiyyət kəsb edir".
F.Quliyevin qənaətincə, Ermənistan son vaxtlar ikitərəfli danışıqlarda daha yumşaq mövqe sərgiləyir: "Yəni ermənilər ağaları olmadan prosesə qatılanda daha konstruktiv olurlar. Azərbaycan-Ermənistan münasibətlərinin səhmana salınması həm də, İrəvanın Ankara ilə əlaqələrinin düzəlməsində açar rolunu oynayır. Ermənilər dərk edirlər ki, Azərbaycanla münasibətlər yaxşılaşmasa, Türkiyə Ermənistanla əməkdaşlıq etməyəcək. Əvvəldən bildirirdim ki, Ermənistan rəhbərliyi ilin sonunadək mövqeyini yumşaldacaq və sülh sazişini imzalayacaq. Başqa yol yoxdur və alternativi müharibədir. Müharibəni isə erməni cəmiyyəti istəmir. Ermənilər Nikol Paşinyanı seçməklə, əslində, sülhə səs vermişdilər. Baş nazir sülh platformasından çıxış edirdi".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Hakan Fidanın Bakıya səfərində məqsədlər mövcud məsələləri çözmək, Zəngəzur dəhlizi məsələsini səhmana salmaq, bölgədə kataklizmlərin aradan qaldırılması üçün profilaktik addımları müəyyənləşdirməkdir: "Şübhəsiz, bizə məlum olmayan başqa məsələlər də müzakirə edilir. Prinsipcə, Hakan bəy Azərbaycan və Türkiyənin həm qlobal, həm bölgə siyasətində, həm də ikili münasibətlərdə bundan sonrakı addımlarını müəyyənləşdirmək üçün Bakıya səfər edib. Alınan qərarlar Türkiyə və Azərbaycanın ortaq qərarlarıdır. Biz təklikdə davranmırıq, çünki hiss etsələr ki, Bakı və ya Ankara təkbaşına hərəkət edir, dərhal basqılar artacaq. Dünyaya nümayiş etdiririk ki, gücümüz birdir. Türkiyənin nəyi varsa, bizim - Azərbaycanın nəyi varsa, Türkiyənindir. Hakan Fidanın səfəri də bunun təzahürüdür".