Mümkündür ki, “Azərbaycandan Azərbaycana prinsipi” əsas müzakirə edilən modeldir
Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, 30 ildən artıqdır Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Paşinyan regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarının müzakirə edildiyini söyləyib: "İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Dünyanın kəsişməsi” konsepsiyasında öz əksini tapıb. Əminəm ki, bu təşəbbüsün həyata keçirilməsi region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək". Erməni baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu əlaqəsini bərpa etməyə, həm də yenilərini tikməyə hazırdır: “Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş rayonu ilə, cənub istiqamətində isə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək yoldan söhbət gedir”. Paşinyan şimal, orta və cənub istiqamətlərindən keçə bilən avtomobil yollarından istifadəyə də işarə edib və bildirib ki, bununla Ermənistan şimalla cənub, şərqlə qərb arasında bir qovşağa çevrilə bilər. Onun sözlərinə görə, İrəvan Türkiyə ilə dəmir yolu və avtomobil yollarının açılmasına da hazırlıq görür.
Avropa Birliyi Şurasının sədri Şarl Mişel də Zəngəzur dəhlizindən danışıb. O bildirib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır: "Prezident Əliyev dəfələrlə aydın şəkildə bildirib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Amma konkret modellərlə bağlı müzakirələr aparılır. Elə bir model olmalıdır ki, Ermənistanın ərazi bütövlüyü pozulmasın. Bu, konkret mövzulardır ki, müzakirə edilir. Mühüm mövzudur, çünki bu məsələni həll edə bilsək, regionda iqtisadi əməkdaşlığın güclənməsinə və beləliklə, regionun iqtisadi cəhətdən daha da inkişaf etməsinə nail ola bilərik".
Paşinyanın açıqlamalarını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı deyib ki, regional kommunikasiya xətləri “Sülhün kəsişməsi” layihəsi üzrə təqdim edilir. Analitik vurğulayıb ki, kommunikasiya ölkələrin yurisdikasiyası çərçivəsində açılmalıdır. Yəni Ermənistan üzərindən keçən kommunikasiyalara nəzarət onların özündə olmalıdır:
"Bu yanaşma Ermənistanın Azərbaycana heç nə vermədən qazanmaq istəyidir. Belə demək mümkünsə, Bakı sülh naminə Avrasiyanın nəqliyyat dəhlizlərində oynadığı körpü rolunu Ermənistanla paylaşmalıdır. Kommunikasiyalar Paşinyanın “Sülhün kəsişməsi” layihəsi çərçivəsində açılarsa, Ermənistan təkcə region müstəvisində qazanc əldə etmir, həm də Asiya və Avropa arasında körpü olması rolu önə çıxır. Paşinyan da magistral yolların açılmasından danışarkən bildirib ki, “şimal marşrutu orta və cənub marşrutu ilə birləşə və yeni imkanlar aça, “sülhün kəsişməsi” layihəsi ilə Ermənistan Şimal-Cənub və Şərq-Qərb oxu boyunca ölkələri birləşdirə bilər”. O zaman sual yaranır, Azərbaycan heç nə qazanmadan Asiya və Avropa arasındakı körpü rolundan Ermənistana niyə pay verməlidir? Azərbaycan Qarabağda erməni separatizmini ləğv edib, Naxçıvana çıxış - Zəngəzur dəhlizi layihəsində İran marşrutu üzrə razılaşma var. Bu halda sülhün əldə edilməməsi - kommunikasiyaların açılmamasından itirən tərəf Ermənistan olacaq. Moskva-İrəvan münasibətlərinin kəskinləşməsi fonunda Yuxarı Lars yolunda yaranmış problemlər də Ermənistan üçün kommunikasiyaların açılmasının mövcudluq məsələsinə çevrildiyini göstərir. Bu halda İrəvan kommunikasiyanın açılmasını istəyirsə, Bakının şərtlərini qəbul etməlidir.
Birincisi, Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılmasıdır. Bu da mövcud situasiyada artıq real görünür".
Müsahibimizin fikrincə, Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsidir: "Naxçıvana daşınan yüklərə və gedən sərnişinlərə gömrük rüsumu, eləcə də, sərhəd yoxlanışı tətbiq edilmir. Mərkəzi Asiyadan Ermənistana, yaxud Ermənistan üzərindən Avropaya daşınacaq yüklərə İrəvan gömrük qaydaları tətbiq edə bilər. Bakının ən azı bu şərti qəbul edilməlidir. Əks təqdirdə yolların açılması mümkün olmayacaq, bunu İrəvanda da, Qərbdə də anlayırlar. Bu kontekstdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin son açıqlaması diqqət çəkir. Mişel bidirib ki, “Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır”. Qərb ortaq mövqe tapmağa çalışır. Mümkündür ki, “Azərbaycandan Azərbaycana prinsipi” əsas müzakirə edilən modeldir".
A.Nərimanlı bəyan edib ki, Ermənistanın bu modellərə qarşı hiyləgər gedişi aydın görünür: "Dəmiryolu xəttinin şimal və cənub marşrutunun açılmasından danışan Paşinyanın “Azərbaycan Naxçıvanla şimal marşrutu ilə əlaqə yarada bilər, bunu rəsmən ifadə etmişik” sözləri də bununla bağlıdır. Ermənistanın dediyi “şimal marşrutu” Qazax-İcevan-İrəvan-Naxçıvan dəmir yolu xəttini təşkil edir. Arazdəyən (Yeraxs)-Naxçıvan-Culfa dəmir yolu xətti bu bunun bir hissəsidir. İrəvanın xüsusilə bu marşrutu irəli sürməsi Azərbaycanın Naxçıvana çıxış şərtini arxa plana keçirməyə hesablanıb. Çünki “şimal marşrutu” üzrə Naxçıvana çıxış üçün Ermənistan ərazisindən keçir. Bu şərtlərdə kommunikasiyanın açılması, ümumiyyətlə, sülh sazişinin imzalanması qeyri-real görünür".