Əsirlərin dəyişdirilməsi ciddi hadisədir
Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların - Aqşin Bəbirov və Hüseyn Axundov qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Bu, özlüyündə tarixi hadisədir. Bu, əslində, növbəti dəfə Ermənistanın Azərbaycanın humanitar şərtləri ilə razılaşmaq məcburiyyətində qaldığını göstərir. Bəllidir ki, Ermənistan iki azərbaycanlı hərbçi ətrafında siyasi şou qurmağa çalışırdı. Lakin İrəvanın oyunu baş tutmadı. Azərbaycanlı əsgərlərin üzərində hansısa tamaşa qurmağa çalışan Ermənistan diplomatik mənada növbəti dəfə fiaskoya uğradı. Göstərmiş oldu ki, Azərbaycan hərbçiləri Ermənistan ərazilərinə bilmədən, yolu azaraq keçib. Onları nədəsə ittiham etmək Ermənistan dövlətinin növbəti spekulyasiyasından başqa bir şey deyil.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, hər iki əsgərimizin Ermənistanda əsir saxlanması və həbsi qeyri-qanuni şəkildə baş vermişdi:
"Halbuki iki gənc əsgərimiz dumanlı hava şəraitindən dolayı yolu azaraq qarşı tərəfə keçmişdilər və heç bir cinayət əməli törətməmişdilər. Nəhayət, əsgərlərimiz ermənilərdən təhvil alındı. Azərbaycan da humanist mövqeyini bir daha nümayiş etdirərək erməni hərbçiləri Ermənistana təhvil verdi. Əslində isə həmin erməni diversantlar Azərbaycan qanunlarını pozmuş və cinayət əməlləri törətmişdilər. İstənilən halda əsirlərin dəyişdirilməsi ciddi hadisədir".