"Qonşumuzun Azərbaycanın başına nə oyunlar açdığını bilirik"
"Hər bir ölkə istəyər ki, qonşuları ilə münasibətləri sülh, əmin-amanlıq müstəvisində olsun və münaqişə yaşanmasın. Amma biz qonşumuzun kim olduğunu və illərlə Azərbaycanın başına nə oyunlar açdığını gözəl bilirik".
Bu barədə "Sherg.az"a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, qonşularla münasibətlərin normallaşdırılması tərəfdarı olsa da, Ermənistanın səmimiyyətinə inanmır:
"Ermənistanın sülh məsələsində səmimiyyətinə, dürüstlüyünə inanmıram. Heç bir məsələdə onlara tam etibar, etimad yoxdur. Misal var, deyirlər, "köpəklə dostluq et, amma kötəyi əlindən yerə qoyma". Düşünürəm ki, Ermənistanla münasibətləri ancaq bu prinsiplə qurmaq olar. Hər halda qonşumuzun Ermənistan olduğunu unutmamalıyıq. Bir məqamı da qeyd edim. Əsir hərbçilərimizin azad edilməsinə çox sevinirik, amma əvəzində 32 terrorçunun verilməsi bəlkə də dövlətimizin həddindən artıq ürəyiyumşaqlıq etməsidir. Ermənistanın beynəlxalq tədbirdən imtinası da öz faydasınadır. Hazırda Ermənistan ciddi maliyyə problemləri yaşayır və hansısa beynəlxalq tədbirə ev sahibliyi edəcək durumda deyil".