Azərbaycan-Türkiyə-ABŞ-Ermənistan formatı...  - RƏY

Türkiyə də sülh masasına yaxınlaşır

Bakı Vaşinqtonda danışıqların Azərbaycan-Türkiyə-ABŞ-Ermənistan formatında keçirilməsi şərtini irəli sürə bilər

“Həm Qərb, həm də Rusiya Türkiyənin mövqeyi ilə hesablaşır. Ankaranın yanaşması mütləq nəzərə alınır”

  Türkiyə Ermənistanın qonşusudur və prosesə bilavasitə aidiyyəti olmayan, çoxsaylı təşəbbüslər irəli sürən bəzi üçüncü ölkələrdən fərqli olaraq bilavasitə region ölkəsidir. Bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. XİN başçısı vurğulayıb ki, Türkiyədə bölgədə dayanıqlı sülhün, inkişafın, iqtisadi əməkdaşlığın bərpa olunmasında maraqlıdır: "Azərbaycan hər zaman postmünaqişə normallaşması istiqamətində addımların atılması üçün öz açıq niyyətini ortaya qoyub və bizim üçün hər zaman prosesin həyata keçirilməsi önəmli olub. Biz hər zaman Ermənistana dəfələrlə qarşılıqlı olaraq ikitərəfli əsasda danışıqların aparılması və yaxud da ki, qərəzsiz üçüncü ölkələrin iştirakı ilə prosesə qatılmağa hazır olduğumuzu qeyd etmişik. Türkiyənin roluna gəldikdə isə Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir". C.Bayramov əlavə edib ki, Türkiyə Azərbaycan üçün dost və qardaş ölkə olmaqla yanaşı Ermənistanın qonşusudur: "Türkiyə üçüncü ölkələrdən fərqli olaraq bilavasitə region ölkəsi olaraq burada dayanıqlı sülhün, inkişafın, iqtisadi əməkdaşlığın bərpa olunmasında hamıdan çox maraqlıdır. Onsuz da Azərbaycan masada varsa, Türkiyə də masada var. Eyni praqmatik düşüncə ilə Ermənistan tərəfi də hərəkət etsə, Türkiyənin masada olması Ermənistanın özü üçün də əlverişli olardı". ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də deyib ki, Vaşinqton Türkiyənin bu münaqişənin həllində məhsuldar rol oynamasını alqışlayır. Amerikalı rəsmi Hakan Fidanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına çağırış etməsini yüksək qiymətləndirib: “Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyə XİN rəhbəri Hakan Fidan arasında baş tutan bütün dialoqlar zamanı müzakirə olunur". Bəzi şərhçilərə görə, Azərbaycan ikitərəfli formatdan yanadır, lakin onu da anlayır ki, münasibətlər baxımından Qərb platformasından imtina uzun müddət davam edə bilməz. Məhz buna görə Türkiyənin də masada iştirakını irəli sürür. Ceyhun Bayramov Hakan Fidanla görüşdə bunu açıqladı. Azərbaycan Qranada görüşündən Türkiyənin iştirakının qəbul edilməməsinə görə imtina etmişdi. Artıq Qərb Bakının tələbindən xəbərdardır. Yəni Bakı Qərb platformasında danışıqların aparılması zərurəti güclənəcəksə, Bakı Vaşinqtonda danışıqların Azərbaycan-Türkiyə-ABŞ-Ermənistan formatında keçirilməsi şərtini irəli sürə bilər.
Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə Cənubi Qafqazdakı proseslərdə və problemlərin həllində birbaşa iştirak edəcək. Partiya rəhbəri vurğulayıb ki, onsuz da bölgədə Türkiyənin təsir imkanları artıb:

"Türkiyənin son günlər xüsusi aktivlik nümayiş etdirməsi, XİN rəhbəri Hakan Fidanın Azərbaycana səfər etməsi müəyyən nəticələrin olacağından xəbər verir. Görünür, bu istiqamətdə müzakirələr gedib və müəyyən razılaşmalar var. Azərbaycan həlledici addımlarında qardaş Türkiyə ilə məsləhətləşir. Bəzi mühüm qərarlar ortaq alınır. Ən azından regionla bağlı siyasətlər bir-biri ilə əlaqələndirilir. Bu da çox mühümdür. Həm Qərb, həm də Rusiya Türkiyənin mövqeyi ilə hesablaşır. Ankaranın yanaşması mütləq nəzərə alınır. Qərb dərk edir ki, Rusiyanı bölgədən sıxışdırmaq istəyirsə, həmin boşluğu Türkiyə dolduracaq. Çünki nə ABŞ, nə də Fransa bölgədən uzaq olduqlarına görə Cənubi Qafqazdakı proseslərə ciddi təsir imkanlarına malik deyillər. Amma Türkiyə regiondadır, bölgə dövlətidir. Ermənistan da anlayır ki, Rusiyanın da, Qərbin də razılığı ilə regionda Türkiyənin imkanları artacaq. Baş nazir Nikol Paşinyanın, hökumət üzvlərinin son günlər Türkiyə ilə əməkdaşlığın qurulmasından danışması da bununla bağlıdır. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını, iqtisadi əlaqələrin genişlənməsini arzulayır. İrəvanın Qars istiqamətində yolun açılması ilə bağlı konket təklifləri var. Azərbaycan Qranada görüşü ərəfəsində rəsmi qaydada Türkiyənin prosesdə iştirakı tələbini qoymuşdu. Düzdür, hələlik bununla bağlı razılaşma yoxdur, amma gec-tez məcburi qaydada razılaşacaqlar".