İrəvanın nicat yolu Azərbaycan və Türkiyə olacaq - ŞƏRH

Sabir Rüstəmxanlı: “Əslində, xristian birliyi Ermənistana müsbət, faydalı heç nə verməyib”

“Görünür, ona görə son günlər Türkiyə ilə sərhədlərin açılması, həm Türkiyə, həm də Azərbaycanla kommunikasiyaların bərpası müzakirə olunmaqdadır"

  "Ermənistan tərəfi getdikcə reallıqları daha aydın görməyə başlayır. İrəvan anlayır ki, Ermənistan dövlətinin və xalqının gələcəyi türk xalqları ilə, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan asılıdır".
  Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, ermənilərin mövcud olduğu dövr ərzində, onların dövlətlərinin olmadığı zamanlarda Azərbaycanda, Türkiyədə, İranda yaşayıblar. Ermənilər tarix boyu türklərin arasında yaşayıblar. Əgər ermənilər öz adlarını, mədəniyyətlərini, dillərini qoruyub saxlaya biliblərsə, bunun səbəbi türklərin xoş məramı olub. Ermənilər bunlara görə türklərə minnətdar olmalıdırlar. Ermənistanın öz qonşuluğunda Türkiyə və Azərbaycanı qoyaraq, kənarda "dost" axtarması gülüncdür".
  Parlament üzvü vurğulayıb ki, əslində xristian birliyi Ermənistana müsbət, faydalı heç nə verməyib: "Ermənilər müsəlman-türk torpaqlarına edilən səlib yürüşlərində xristian ordularına bələdçilik ediblər, yardım göstəriblər. Rusiya meydana çıxanda rusların mənafeyinə çalışıblar, türklərin əleyhinə fəaliyyət göstəriblər. Azərbaycanda da bolşeviklərə qoşularaq xalqımıza xəyanət ediblər. Yəni ermənilər hər zaman yaşadıqları bölgənin xalqına, türklərə xəyanət ediblər. Türklər isə onlara daim qucaq açıblar, yanlarında saxlayıb, yaşamaları üçün şərait yaradıblar. Səfəvi hökmdarı Şah İsmayılın, Şah Abbasın dövründə ermənilər üçün böyük ticarət imkanları yaradılıb. Ermənilər bunun hesabına zənginləşiblər. Ağlı olanlar bu reallıqları çox gözəl dərk edir, etməlidir. Görünür, ona görə son günlər Türkiyə ilə sərhədlərin açılması, həm Türkiyə, həm də Azərbaycanla kommunikasiyaların bərpası müzakirə olunmaqdadır".