Partiya İlham Əliyevin Prezident seçkilərinə namizədliyini irəli sürüb
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov toplantının gündəliyi barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib: “Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”. YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir: “Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək”. Tədbirdə YAP İdarə Heyətinin üzvləri – Tahir Mirkişili, Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən işlərdən bəhs ediblər. Çıxışlardan sonra partiya tərəfindən İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib. Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib. Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub. Partiyanın Seçki Qərargahının yaradılması barədə də qərar səsvrməyə çıxarılaraq təsdiqlənib.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a bildirib ki, bu qərar gözlənilən qərar idi. Əksər vətəndaşlarımız bu qərarın qəbul edilməsini gözləyirdi: "Azərbaycan xalqı məhz İlham Əliyevi ölkənin birinci şəxsi postuna ən layiqli namizəd hesab edir. Cənab Prezident bu yüksək etimadı son 20 illik yorulmaz və səmərəli fəaliyyəti, uğurlu idarəçiliyi, qətiyyətli liderliyi sayəsində qazanıb. Ötən 20 il ərzində Azərbaycan sözdə yox, əməli olaraq Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu gün Azərbaycan ən güclü iqtisadi potensiala, ən zəngin resurslara, ən güclü orduya malikdir. İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti nəticəsində Azərbaycan xalqının son 200 ildə davam edən işğallar, məğlubiyyətlər, soyqırımları, deportasiyalarla dolu faciəli taleyinə son qoyulub. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra bütün dünya Azərbaycan xalqını qalib xalq kimi tanıyır. Qarşıdan gələn 7 fevral seçkiləri də Azərbaycan xalqının bu qələbəsini möhkəmləndirməyə xidmət edir. Biz qarşıdakı illərdə erməni vandalizminin xarabalığa çevirdiyi Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmalı, “Böyük Qayıdış” Proqramını həyata keçirməli, 30 illik işğalın acı nəticələrini tamamilə aradan qaldırmalı, öz yurdlarına qayıdan soydaşlarımızın təhlükəsizliyini və firavan həyatını təmin etməliyik. Bu işlərin təməli İlham Əliyev tərəfindən qoyulub. Görülməkdə olan işlərin necə tamamlanacağını təbii ki, İlham Əliyev yaxşı bilir".
Analitik vurğulayıb ki, 2020-ci il oktyabrın 9-da Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu məşhur ifadəsini indi də hər kəs rəğbət hissilə xatırlayır: “Dövlət başçısı bildirdi ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu o bilir: - "Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”. Bax, bu inamı biz hamımız 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərində bir daha nümayiş etdirməli, döyüş meydanlarında qazanılmış Zəfərin ölkəmizin gələcək inkişafı istiqamətində davam etdirilməsini təmin etməliyik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılan Qarabağ Zəfəri müstəqillik tariximizin zirvə nöqtəsidir. Biz indi həqiqətən də müstəqillik tariximizin ən qürurverici mərhələsindəyik. Bu mərhələ milli birliyimizin, həmrəyliyimizin də özünütəsdiq mərhələsidir. Odur ki, indi hamımızın Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər olmaq vaxtıdır. Əminəm ki, 7 fevral seçkiləri tariximizdə Zəfər seçkiləri kimi qalacaq".