İrəvan fərqindədir ki, sığındığı vasitəçilərin öz maraqları var
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ermənistanın sülh sazişinə dair noyabrın sonunda təqdim etdiyi təkliflər paketində müsbət irəliləyiş müşahidə olunur. Nazirin sözlərinə görə, 70 günlük fasilədən sonra Ermənistandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini qəbul edərkən müsbət irəliləyiş görüblər: "Bütün bu faktorları biz nəzərə alaraq bir nikbinlik var, ancaq eyni zamanda burada hər hansı vaxt səsləndirmək istəməzdim. Hesab edirik ki, bu addımlarla biz çox vacib, çox mürəkkəb məsələni, neqativ tarixi keçmişi olan bir məsələni addım-addım irəli apara bilərik. Azərbaycan tərəfinin yanaşması burada aydındır, biz dəfələrlə bəyan etmişik. Ermənistan yalnız öz istəklərini deyil, Azərbaycanın legitim maraqlarını, tarixi ədaləti və beynəlxalq hüquqa hörmət etməyi sərgiləyərsə, düşünürəm ki, müsbət nəticələr əldə etmək mümkündür".
Nazirin açıqlamasını dəyərləndirən politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a deyib ki, adətən Ermənistan rəsmilərinin sözləri ilə əməlləri ziddiyyət təşkil edir. Analitik vurğulayıb ki, təcrübə göstərir ki, İrəvan hökuməti imza atdığı sənədə hörmət göstərərək oradakı müddəaları icra etmir:
"İrəvana birmənalı etimad göstərmək mümkün deyil. Baş nazir Nikol Paşinyan, Təhlükəsizlik Şurasının baş katibi A.Qriqoryan vaxtaşırı sülh müqaviləsi, kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi ilə bağlı nisbətən pozitiv açıqlamalar versələr də, bir müddət sonra əks mövqe sərgiləyiblər. Ən əsası isə əməldə konstruktiv olduqlarını göstərməyiblər. Paşinyanın daha çox Qərbə meyl etdiyi aydındır. Bu da onun Qərbdən asılı olması ilə əlaqədardır. Məsələ ondadır ki, ABŞ və Avropa Zəngəzur dəhlizinə nəzarəti öz əllərinə almaq istəyirlər. O səbəbdən Paşinyan dəhlizə Rusiyanın nəzarətini qəbul etmir. Lakin ikitərəfli görüşlərin baş tutması, rəsmilərin normal müzakirələr apararaq kiçik də olsa nəyisə razılaşdırması ümidləri artırır. İrəvan da fərqindədir ki, sığındığı vasitəçilərin öz maraqları, mənafeələri var. Ona görə də ikitərəfli əlaqələri müsbət dəyərləndirirəm. Əgər ikili görüşlər intensiv hal alarsa, İrəvan bəhanələr gətirərək təmaslardan qaçmazsa, nəticələr əldə oluna bilər. Ermənistan vaxtı uzatmaq cəhdindən, imkansız gözləntilərdən vaz keçməlidir. İrəvan anlamalıdır ki, Ermənistanın tərəqqisi, sabitliyi və Qərbə çıxışı Azərbaycan, eyni zamanda Türkiyə ilə normal əməkdaşlıqdan keçir".