Təxribatlara əsla rəvac vermək olmaz
Dekabrın 18-də İranın Məşhəd şəhərindəki Türkiyə konsulluğu qarşısında etiraz aksiyası keçirilib. SEPAH və ona bağlı yarımhərbi “Bəsic” üzvləri, eləcə də, hökumətin tələbə cəmiyyətləri nümayəndələri Türkiyənin İsrailə yardım etdiyini iddia ediblər: “Türkiyədən İsrailə yanacaq və ərzaq ixracatına izin verməyin” şüarı qaldıran etirazçılar Türkiyə hökumətinə qarşı çıxışlar ediblər.
Politoloq Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyənin Fələstinlə bağlı mövqeyi məlumdur. Onun sözlərinə görə, Türkiyə əzəldən bəri Fələstinə tam dəstək verib:
"Türkiyənin İsraillə əlaqələri də məhz Fələstin probleminə görə mütəmadi olaraq korlanıb. Dünyada ən sərt şəkildə İsraili tənqid edən Türkiyə olub. İndi Türkiyəni "İsrailə dəstək verməkdə" qınamaq haqsızlıqdır. Ola bilsin, hansısa iqtisadi-siyasi əlaqələr olsun, bu, təbiidir. Əksinə, İran özü dolayı yolla İsrailin əlinə oynayır. Məhz hazırda davam edən savaşın bilavasitə səbəbkarı İrandır. Özü də bilir ki, bunun hərbi həlli mümkün görünmür. Davam edən savaşı körükləmək minlərlə insanın ölümünə rəvac verməkdir. Türkiyə isə savaşın durmasını istəyir".
T.İrfanın fikrincə, İranın məqsədi Türkiyə ilə İsrailin savaşdan əvvəl yaxınlaşan münasibətini korlamaq idi, onu da etdi: "Türkiyə getdikcə artan nüfuzu və gücü sayəsində Fələstin məsələsində müəyyən irəliləyişə nail ola bilərdi. İran isə buna imkan verməmək üçün aranı qatdı. Hazırda da Türkiyəni İsraillə savaşa təhrik edir. Sözügedən aksiyalar Türkiyə və başqa müsəlman ölkələrində vəziyyəti mövcud hakimiyyətlərə qarşı qarışdırmağa hesablanıb. Odur ki, bu təxribatlara əsla rəvac vermək olmaz. İran hər zaman özü kənarda qalıb, lakin başqa gücləri savaşa təhrik edib. Türkiyə isə müdrik siyasət apararaq İsraillə də düşmənçilik etmir, Fələstinə də dəstəyini göstərir. İran bu savaşın qanlı nəticələrinin səbəbkarı kimi özünə şərik axtarır ki, kölgədə qalsın, məsuliyyətdən yayınsın".