Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçirilən Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək. Bununla bağlı İrəvanda rəsmi qərar verildiyi deyilir. Məlumdur ki, uzun müddətdir, rəsmi İrəvan Rusiyanın müəlliflik etdiyi platformaları boykot edirdi. Lakin hakim “Mülki müqavilə” Partiyasının Gümrüdə keçirilən toplantısında Nikol Paşinyan və Ararat Mirzoyan Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtının çatdığını bildiriblər. “Hraparak” qəzeti də yazıb ki, Ermənistan hakimiyyəti Qərbdən istədiyi dəstəyi ala bilmədiyi üçün “U dönüşü” etməyə hazırlaşır. Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Kreml Nikol Paşinyanın MDB liderlərinin qeyri-rəsmi görüşündə, eləcə də, Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcəyi barədə siqnal alıb.
Siyasi şərhçi Azər Qasımov deyib ki, Ermənistanın iki stulda oturmaq cəhdi müvəqqəti hal daşıyırdı. Analitik vurğulayıb ki, Ermənistan gec-tez seçim etmək məcburiyyətində qalacaqdı:
"Amma həmin gün hələ yetişməyib. Paşinyan yenə manevr etmək istəyir. Özünü Rusiyaya yaxın göstərməyə çalışır. ABŞ-nin Ukrayna ilə əlaqəli göstərdiyi reaksiyadan, yəni Konqresin maliyyə ayırmasının ləngidilməsi və Ukraynaya məcburi sülh təzyiqlərindən sonra Nikol Paşinyan yenə də ilin əvvəlini gözləmək üçün Rusiyaya xoş mesajlar verərək vaxt qazanmaq istəyir. Baş nazir vaxt qazanmaq məsələsini hətta başqa şəkildə də dilə gətirir. Hesab edirəm ki, hələlik Ermənistanın iki stuldan hansını seçməsi məsələsi açıq qalıb. Hələ bir müddət lazımdır ki, məsələ tam dəqiqləşsin. Paşinyan hələlik oynamağa davam edəcək. Kreml isə azacıq təzyiq göstərir, amma bu, ciddi təzyiq deyil. Kreml də Paşinyanı tamamilə ABŞ-nin qucağına itələmək istəmir. Bütün dünya gözləmə mövqeyində olduğu halda Paşinyanın da ehtiyatlı davranması təbiidir. Paşinyan iki gücün başına fırlanmaqla məşğuldur".