Səməd Seyidov: Fransa “Millət necə tarac olur olsun, nə işim var” fəlsəfəsi ilə davranır 

Rəsmi Paris Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" (persona non grata) elan edib.
Bu barədə məlumat Fransa XİN-in rəsmi saytında yer alır.
Fransa cavab tədbiri olaraq Azərbaycan səfirliyinin iki diplomatını arzuolunmaz şəxs (persona non grata) elan edib.
Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
  
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov "Sherg.az"a bildirib ki, hadisələrin gedişatının bu nöqtəyə çatmasının səbəbkarı Fransa dövlətidir:

“Çox təssüflər olsun ki, onlar daxildə erməni diasporunun təsirindən qorxaraq parlament, dövlət və prezident səviyyəsində yalnış addımlar atırlar. Fransa hakim dairələri doğru olmayan seçimlər edirlər. Onlar ölkənin daxili maraqlarını nəzərə almamaq bahasına olsa belə öz kürsülərini itirməməyə çalışırlar. Düşünürlər ki, bir neçə müddət sonra seçkilər olacaq və orada erməni diasporu məni dəstəkləməsə vəzifəmi, alınan pulları itirəcəm. Hazırda  Fransa hakim dairələri  “Millət necə tarac olur olsun, nə işim var” fəlsəfəsi ilə davranırlar. Faktiki olaraq onlar erməni diasporunun oyuncağına çevriliblər”.

Millət vəkili  Fransanın bundan sonra daha da dərinə gedərsə, Azərbaycan tərəfinin layiqli cavabı verəcəyini vurğulayıb:
“Tarix və təcrübə göstərir ki, Fransa hansı ölkənin daxili işinə qarışırsa, oranın “zibili” çıxır. Onlar Azərbaycanın daxili işlərinə qarışmağa çalışdılar və biabır oldular. Artıq təhlükəsizlik idarəsinin rəhbərini işdən qovublar. Fransa dövləti nə qədər bu istiqamətdə fəaliyyət göstərəcəksə, bir o qədər özlərinə problem yaradacaqlar. Çünki Fransanın milli maraqlarına zidd siyasət yeridirlər”.