Politoloq: Müharibənin nəticəsinə təsir edən əsas faktor Azərbaycanın qüdrətidir

Nikol Paşinyan əmin idi ki, Qərb o qədər güclüdür ki, Azərbaycanı diz çökdürməsə də, heç olmasa, Ermənistan üçün əlverişli şərtlərlə sülh müqaviləsi imzalamağa məcbur edə bilər.
Bu sözləri Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.
“O, əvvəldən bilirdi ki, bunun əvəzi Qarabağdan imtina etməkdir. Yəni Paşinyan Qarabağdan imtina edir, bunun nəticəsində Rusiyanın mövqeləri zəifləyir, buna cavab olaraq Qərb dəstək verir. Qərb bunu sırf diplomatik yolla dəstəklədi, lakin planın həyata keçirilməsinə gəldikdə məlum oldu ki, Qərbin təsirinin çox ciddi məhdudiyyətləri və sərhədləri var.
Paşinyan Qərbin Azərbaycan üzərindəki təsir rıçaqlarından istifadə edəcəyinə arxalanaraq, birtərəfli qaydada Qarabağı qurban verdi”, - Zurabyan bildirib.
Onun sözlərinə görə, Paşinyan Qərbin birləşəcəyi və Rusiya Federasiyasını diz çökdürəcəyi təbliğatına inanıb:
“Buna inanaraq, o, Qərbə stavka etdi, Rusiyanı zəif, geri çəkilən biri kimi rədd etdi və sonra reallığın təbliğat iddialarına tam uyğun gəlmədiyi ortaya çıxanda, Rusiyanın hələ diz çökmədiyini, əksinə, təşəbbüsü öz əlinə aldığını anlayanda vəziyyəti düzəltməyə çalışır. Bu gün artıq bütün dünya Ukraynanın qaçılmaz məğlubiyyətindən danışır”.

Levon Zurabyanın açıqlamarını “Sherg.az” üçün şərh edən  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, erməni siyasi ekspertləri ümumiyyətlə reallığı dərk edə bilmirlər. Bu səbəbdən də ciddi formada təəccüb və yanılmalar içərsinə düşürlər: 
“İlk öncə nəzərə almaq lazımdır ki, bu gün Nikol Paşinyanın nəyisə qəbul etməyini Qərb və Rusiya ikilisinin üzərinə atmağ çox yalnış düşüncədir. Paşinyanın qəbul etdiyi məsələlər Azərbaycanın qalib tərəf kimi diktə etdiyi şərtlərin nəticəsində ortaya çıxır. Burada beynəlxalq münasibətlər sisteminin nə qədər rolu olsa da, əsas səbəb Azərbaycanın qazandığı qələbələrdir. Levon Zurabyanın açıqlamaları növbəti erməni revanşizmidir. Bu gün Zurabyan da daxil olmaqla erməni ekspert camiası erməni cəmiyyətini sülhə hazırlamaq əvəzinə boş-boş idiallara, nələrsə axtarmağa çalışırlar”.
 
T.İsmayılov Nikol Paşinyanın bütün siyasi karyerası boyunca Qərb tərəfindən dəstəkləndiyini söyləyib:  
“Bu səbəbdən də hakimiyyətə gəldikdən sonra onun Qərbdən gələn drektivləri yerinə yetirəcəyi məlum idi. Amma bunun müharibənin nəticəsinə heç bir təsiri yoxdur. Erməni cəmiyyəti qəbul etməlidirlər ki, müharibənin nəticəsinə təsir edən əsas faktor Azərbaycanın gücü və qüdrətidir. Azərbaycanın həm hərbi, həm də iqtisadi mənada Ermənistandan açıq-aşkar öndə olması müharibəni qazanması üçün yetərli olub. Bunun Nikol Paşinyanın siyasi seçim və manevrlərində etdiyi yalnışlarla əlaqələndirmək olmaz . Ermənistanın hansı addımı atmasından aslı olmayaraq Qarabağ işğaldan azad ediləcəkdi. Azərbaycan uzun illərdir Qarabağı işğaldan azad etməyin taktiki kontorlarını hazırlayırdı”.