Politoloq: Zəngəzur məsələsinin bu qədər ləngiməsinin əsl səbəbi İrandır

İran Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlunun Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə reallaşdırılması ehtimalı haqda açıqlamasına münasibət bildirib.
İran XİN sözçüsü Nasir Kənani bu məsələdə Tehranın mövqeyinin aydın və dəqiq olduğunu deyib.
“Qafqazdakı vəziyyət, sülh və sabitlik, dəhlizlər və tranzit keçidləri ilə bağlı aydın mövqeyimiz var. Tehran sülh və sabitlik naminə regional, eləcə də ticarət, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
Həmişə qeyd etmişik ki, ticarət-iqtisadi əməkdaşlığın inkişafı regionda geosiyasi dəyişikliklərə, müxtəlif ölkələrin suverenliyinin və ərazi bütövlüyünün pozulması üçün bəhanə ola bilməz”, - N.Kənani bildirib.

N. Kənaninin sözlərini "Sherg.az"a dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, İran XİN-nin  sözçüsü verdiyi açıqlamada Ermənistanın ərazi bütövlüyünün pozulmasının qarşısında  olması ilə bağlı bir mesaj verir:

"Zəngəzur məsələsinin bu qədər ləngiməsinin elə əsl səbəbi İrandır. İran Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətlərin pozulmasını gözə almaqla böyük səhv edir. Rəsmi Tehrana xatırlatmaq lazımdır ki, daxilində ciddi bir türk toplumu var. Azərbaycanla və Türkiyə ilə münasibətlərinə mütləq şəkildə ehtiyyatlı yanaşmalıdır".