Deputat: Bizim böyük qardaşlığa ehtiyacımız yoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. 
Çıxışı zamanı Ermənistanla sülh müqaviləsi məsələsinə toxunan Prezident İlham Əliyev bildirib ki,  rəsmi İrəvan istəyir ki, sülh müqaviləsinin zəmanətçiləri olsun:
 “Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”. 

“Heç bir üçüncü tərəfin sülh danışıqlarında iştirakına ehtiyac yoxdur. Azərbaycan və Ermənistanın yaxın zamanlarda sülh sazişi ilə bağlı ikitərəfli danışıqları yekunlaşdıraraq müqavilə imzalamalıdırlar. Hansısa platform axtarmağa ehtiyac yoxdur”.

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Asim Mollazadə Prezidentin çıxışından danışarkən deyib.

O bildirib ki, Ermənistanın qurtuluşu, qarantisi məhz Azərbaycandır:

 “İrəvan Bakıya qarşı ərazi iddialarına son qoyaraq sülhü seçməli, Azərbaycan və Türkiyə başda olmaqla öz qonşuları ilə münasibətlərini normallaşdırmağa çalışmalıdır. Bunu edərlərsə, Azərbaycanın həyata keçirdiyi layihələrdə onlar üçün imkanlar yaradılacaqdır. Ermənistanın xilası üçün ona sülh lazımdır. Hazırda iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesi bölgədə öz nüfunuzu artırmağa çalışan ölkələr arasında yarışa çevrilib. Belə yarışlara ehtiyac yoxdur. Azərbaycanın siyasəti əməkdaşlıq və tərəfdaşlıqdan yanadır. Bizim böyük qardaşlığa ehtiyacımız yoxdur. Sülh sazişi Ermənistan və Azərbaycan öz arasında razılaşdırıb imzalamalıdır”.