Sabiq XİN rəhbəri: Aİ məntiqsizliyin pik səviyyəsindədir

Avropa İttifaqı yenə öz ampluasındadır. Bu dəfəki hədəf isə yenə də Azərbaycandır. Aİ yenə Azərbaycanın üstünə gəlmək, öz varlığını yada salmaq istəyir. Bu istəyini reallaşdırmaq üçünsə yenə də uydurma nağıllara baş vururlar. 
Məsələn, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano deyir ki, Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında deyib ki, başda Fransa olmaqla Aİ-nın məsələ ilə bağlı çox absurd mövqeyi var:
"Onlar Azərbaycanın Ermənistanla bağlı ərazi iddiası olduğunu uydururlar. Ərazi iddiaları necə ola bilər ki, hələ sərhədlər müəyyən olunmayıb ?  Ermənistan mövzunun həllini tapmalı olduğunu car çəkir. Qəribədir hansı əsasla Azərbaycanın Ermənistanın torpaqları ilə bağlı ərazi iddiası olduğu fikrinə qapılıblar ? Bunun üçün ilk növbədə danışıqlara başlamaq lazımdır".

 T.Zülfüqarov Ermənistanın 1975-ci ilin xəritəsini əsas götürülməsini təklif etdiyini vurğulayıb:
"Deməli bunla etiraf edir ki, artıq bu mübahisəli məsələdir. Məntiqsizliyin pik səviyyəsindədirlər. Azərbaycan hələ heç bir il, heç bir xəritə ilə bağlı fikir səsləndirməyib. Hardan çıxır bu ərazi iddiası məsələləri ?  Rəsmi Parisin və Makronun əsas siyasi xətti Fransanı fövqəl dövlətlərin sırasına qaytarmaqdı. Amma Azərbaycan Ermənistandan fərqli olaraq özünə böyük qardaş, böyük bacı axtarmır. Ümumiyyətlə bu fəlsəfəni qəbul etmir. Fransa və Aİ ilə yaranan problemlər bundan irəli gəlir".