Mahmud Neqm: Fransada islamofobiyanın təzahürləri getdikcə artmaqdadır

Avropa ölkələrində, xüsusilə Fransada islamofobiya təzahürləri getdikcə artmağa davam edir. Bunun nəticələri isə uzunmüddətlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Baş Müftisinin baş müşaviri Şövki Əllam və Dünya üzrə Fətva Orqanları üzrə Baş Katibliyin katibi İbrahim İbrahim Mahmud Neqm Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada deyib.

O bildirib ki, islamofobiya müsəlmanlar və İslam ilə bağlı konkret olaraq səhv və dezinformasiyanın nəticəsidir. Saxta dindarlara İslamla bağlı fikirlər yaymasına imkan yaratmaq olmaz.

İslamofobiya ilə mübarizədə monitorinq və müşahidənin önəmindən bəhs edən Mahmud Neqm vurğulayıb: “İlk növbədə, bu cür hadisələrin monitorinqi aparılmalıdır. Güclü administrasiyamız, monitorinq mexanizmlərimiz olmalıdır ki, islamofobiya ilə bağlı bütün hadisələri izləyib təhlil edə bilək.

Din xadimlərinin islamofobiyaya qarşı mübarizə apara bilmələri üçün potensiallarının gücləndirilməsi üçün alətlər yaratmalıyıq. Nüfuzlu universitetlərlə əməkdaşlıq etməliyik ki, islamofobiyaya və nifrət nitqinə tutarlı cavab verə bilək”.