Volkan Bozkır: Fransa bu gün açıq şəkildə Ermənistana silah göndərir

Azərbaycanın ərazisi qonşu ölkə tərəfindən işğal edilmişdi. ATƏT-in Minsk qrupu yaradılmışdı və bu qurum münaqişəni həll etmədi.
Bunu XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Parçalanmış Dünyanın Bərpası" mövzusunda paneldə BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır deyib.
O bildirib ki, Azərbaycan məsələni hərbi yolla həll edib, işğal olunmuş torpaqlarını azad edib.

“Əgər biz problemləri müvafiq şəkildə institutlar çərçivəsində həll etməsək, ölkələr özləri addım atmalı olurlar”, - türkiyəli diplomat əlavə edib.

Volkan Bozkır çıxışında Fransanın Qarabağ münaqişədəki roluna da toxunub: “Fransa Minsk qrupunun üzvü olub, amma bu gün Ermənistana silah göndərir, açıq şəkildə bu ölkəni dəstəkləyir. Fransadakı seçkilərə və erməni seçicilər görə belə addımlar atmaq doğru deyil”.