Tacikistan Rusiya münasibətləri kəskinləşməyəcək - RƏY

Tərəflər aralarındakı münasibətləri kritik həddə çatmadan həll etməyə çalışacaq

Rusiyanın Düşənbədəki səfiri Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb. Tacikistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, səfirə Rusiya ərazisində Tacikistan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı nota təqdim edilib. 

Qeyd edək ki, “Crocus City Hall”da baş verən terror aktından sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı minə yaxın Tacikistan vətəndaşı, o cümlədən universitetlərdə təhsil almaq üçün Rusiyaya gedənlər Moskva aeroportlarında qalıb.

"Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, jurnalist və politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlaması zamanı bildirib ki, baş verən hadisələr tərəflər arasındakı münasibətlərə mənfi təsir etsə də, ciddi ziyan vurmayacaq:

"Tacikistan üçün Rusiya əmək bazarının müstəsna rol oynadığını, eyni zamanda Rusiyada olan tacik miqrantların Tacikistana külli miqdarda pul keçirdiyini nəzərə aldıqda tərəflər arasındakı münasibətlərin bir müddət sonra normallaşacağını gözləmək olar. Rəsmi Moskva “Crocus City Hall”da törədilən dəhşətli terror aktının arxasından icraçı qismində Tacikistan vətəndaşlarının çıxmasının ardından tacik miqrantlara qarşı təzyiqlərini kəskin artırıb. Rəsmi Düşənbənin rəsmi Moskvaya nota göndərməsi isə Tacikistan hökumətinin Rusiyanın bu davranışlarından narazı olduğunu göstərir". 

Ekspert əlavə edib ki, rəsmi Moskva notaya əhəmiyyət verməyib Tacikistan vətəndaşlarına qarşı təzyiqləri azaltmasa, rəsmi Düşənbə lokal iqtisadi və ya Rusiyanın Əfqanıstandakı aktivləşmə siyasətinə əngəl yaradaraq reaksiya göstərə bilər:

"Lakin çox güman ki, tərəflər aralarındakı münasibətləri kritik həddə çatmadan həll etməyə çalışacaq".

Yusif Məmmədxanlı