Arzu Nağıyev: Özlərini siyasətçi sayanların COP29-a qatılmaması Azərbaycan üçün önəmli deyil

200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun nəticəsidir. Amma təəssüflər olsun ki, Azərbaycanı gözü götürməyən bəzi Qərb ölkələri  Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra ölkəmizə qarşı qarayaxma və böhtan kampaniyasına başladılar. Bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası Azərbaycandan xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırsın. Beləliklə, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. 

Azərbaycan Prezidenti İlham Əliyev də COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girdiklərini vurğulayan dövlət başçısı deyib ki, ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Millət vəkili Arzu Nağıyev “Sherg.az”a bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi çox mühim əhəmiyyət kəsb edən məsələdir:

“196 dövlətin və Avropa İttifaqının dəstəyi və ratifikasiyasıyla sözügedən tədbirin Azərbaycanda keçirilməsi nəzərdə tutulub. COP28-dən sonra 11 ay ərzində belə bir hazırlıq işlərinin aparılması, böyük miqyaslı tədbirin baş tutması Azərbaycan Prezidenti İlham Əliyevin düzgün qurduğu xarici və daxili siyasətdən irəli gəlir. Məhz açılış mərasimində də 72 000 iştirakçının qeydiyyatdan keçməsi, 80-dən çox ölkənin prezident, Baş nazir, vitse-prezident səviyyəsində təmsil olunması bir daha göstərdi ki, Azərbaycan COP29-un həyata keçirilməsində əhəmiyyətli işlər görüb. Bəzi dövlətlər COP29-un Azərbaycanda keçirilməsinə əngəllər törətməyə çalışırdılar. Hətta siyasi baxışları ilə seçilən bir sıra qurumlar da məkirli xarici politikalarını icra edərək insan haqqlarını, siyasi məhbuslar məsələsini ortaya atmağa çalışırdılar. Amma sözügedən proses baş tutmadı və COP29-un möhtəşəm açılış mərasimi Azərbaycanda həyata keçirildi. Eyni zamanda Azərbaycanın neft və qaz ölkəsi olduğunu irəli sürərək COP29-un rəsi Bakıda keçirilməsini boykot etməyə səy göstərirdilər. Lakin Azərbaycanın daxildə və xaricdə apardığı müstəqil siyasət sübuta yetirdi ki, o alternativ olaraq bərpa olunan enerjidən istifadə etməyə qadirdir. Prezident İlham Əliyev və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin də çıxışından aydın oldu ki, sözügedən proseslərdə Azərbaycan öndə gedən dövlətlərdən biridir. Fransa kimi bir sıra Qərb dövlətlərinin COP29-da iştirak etməməsi o qədər də vacib deyil. Baxmayaraq ki, havaya ən çox karbon dioksidi atan, təbiəti zəhərləyən dövlətlərin başında Fransa ön sıralarda dayanır. Avropa Birliyi dəfələrlə Azərbaycanı enerji təhlükəsizliyinə təhdidin qarşısını alan dövlət kimi tanıyıb və müqavilələr imzalanıb. Özlərini siyasətçi sayan şəxslərin COP29-a qatılmaması Azərbaycan üçün önəmli olan məsələ sayılmır”.