İstərdik ki, Hindistanla da yaxşı münasibətlərimiz olsun
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib. “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Pakistanda işgüzar səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev həmkarı general Sahir Şamşad Mirza ilə görüşüb. Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əlaqələrin cari vəziyyəti, birgə əməkdaşlığın yeni perspektivləri müzakirə edilib, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Tərəflər, həmçinin münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər. Maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Xatırladaq ki, sentyabr ayında müdafiə nazirləri arasında da görüş keçirilib və hərbi əməkdaşlıq müzakirə olunub. Azərbaycanın yaxın dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi ölkələrdən biri də Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin iyulun 11-12-də Pakistana dövlət səfəri keçilən yolun təqdimatı oldu. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb. Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır. Strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və bütün sahələrdə inkişafının təmin edilməsi istiqamətində aparılan müzakirələr, imzalanan sənədlər də bunun təsdiqidir. Azərbaycan ilə Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.
Bakı-İslamabad münasibətlərindən "Sherg.az"a danışan “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov xatırladıb ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Siyasi şərhçi vurğulayıb ki, Pakistan daim Azərbaycanın yanında olub, ölkəmizə hərbi-siyasi dəstək verib:
"Ermənistanla diplomatik əlaqələr qurmayan azsaylı dövlətlərdən biri Pakistandır. Qardaş ölkə ilə hərbi əməkdaşlığımız imkan verir ki, Pakistanın istehsal etdiyi ən müasir silahları ən münasib qiymətlərlə əldə edə bilək. 44 günlük müharibə dövründə də Pakistan hərbi gücü ilə daim yanımızda oldu, bütün imkanları ilə bizə dəstək verdi və bu Qələbəmizdə müəyyən rol oynadı. Əfsuslar olsun ki, Hindistan Azərbaycan-Pakistan münasibətlərinə qısqanclıqla yanaşır. Pakistanla Hindistan arasında uzun illərdir davam edən ərazi mübahisəsi var. Tərəflər arasında dəfələrlə qanlı toqquşma baş verib. Nəticədə Pakistanla yaxınlığımız Hindistanın bizə düşmən münasibət göstərməsinə gətirib çıxarıb".
Analitik hesab edir ki, Hindistanla münasibətlərimizdə müəyyən soyuqluğun olması bizə problemlər də yaradır:
"Hindistan məqsədli şəkildə Ermənistana müxtəlif silahlar satır və İrəvanla hərbi əməkdaşlığı genişləndirir. Müxtəlif beynəlxalq tədbirlərdə də Hindistan Azərbaycan üçün müəyyən problemlər yaradır, əleyhimizə çıxış edir, yaxud səs verir. Azərbaycan Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq istəyir. Ancaq Hindistan buna etiraz etdiyinə görə məqsədimizə nail ola bilmirik. Ölkəmizin BRICS-in əvvəlki iclasına qonaq qismində dəvət almasına da Hindistan qarşı çıxmışdı".
A.Səmədov əlavə edib ki, bu çətinliklər Azərbaycan-Pakistan dostluğuna xələl gətirə bilməz:
"Əlbəttə, istərdik ki, Hindistanla da yaxşı münasibətlərimiz olsun və Pakistanla yaxın tərəfdaşlığımız Hindistan-Azərbaycan əlaqələrinə mənfi təsir göstərməsin. Ümid edirik, gələcəkdə Azərbaycan-Hindistan münasibətləri də normallaşacaq. Çünki Hindistan da iqtisadi, hərbi cəhətdən güclü dövlətlərdən sayılır".