Azərbaycan-Vyetnam dostluğu yeni zirvədə... -ŞƏRH

Tarixi köklər, bağlar millətlər və dövlətlər arasında münasibətlərdə bu gün və gələcək üçün təməl rolunu oynayır

May ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti seçilmiş To Lam ilə məhdud tərkibdə keçirdiyi görüş, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun inkişaf etdiyini və qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da dərinləşdirilməkdə olduğunu göstərir.
Görüşdə liderlər birbaşa və səmimi müzakirələr aparmaq imkanı əldə ediblər. Bu cür məhdud tərkibdə görüşlər adətən daha strateji və prinsipial məsələlərin qapalı şəkildə müzakirəsinə şərait yaradır. İlham Əliyevlə To Lam arasında olan görüş də siyasi iradənin möhkəmliyini və ölkələr arasında etimadın yüksək səviyyədə olduğunu göstərir.
Tərəflər iqtisadi, ticarət, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, bu səfər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının "Vietnam News Agency" agentliyinə müsahibə verərək Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə xüsusi yer ayırıb.

Azərbaycan-Vyetnam əməkdaşlığının illərin sınağından keçdiyini vurğulayan Milli Məclis sədrinin müavini Musa Qasımlı qeyd edib ki, dövlətimizin cənab Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən beynəlxalq fəaliyyəti daha da genişlənərək yeni-yeni regionları və dövlətləri əhatə edir. O, Sherg.az-a açıqlamasında bildirib ki, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ərəfəsində ölkə başçımızın Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin keçmişinə, bu gününə, gələcəyinə tarixi fakt və mənbələrlə işıq tutduğundan böyük əhəmiyyət daşıyır:
 “Hər şeydən əvvəl, müsahibədə iki ölkə arasında münasibətlərin tarixi köklərinə nəzər yetirilir. Çünki tarixi köklər, bağlar millətlər və dövlətlər arasında münasibətlərdə bu gün və gələcək üçün təməl rolunu oynayır. Azərbaycan hələ müstəqil olmadığı zamanlarda - 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-də səfərdə olub.  Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnama səfər edib.
Vaxtilə azərbaycanlı neftçilər Vyetnam Sosialist Respublikasında neft sənayesinin əsasının qoyulmasında  və inkişafında mühüm rol oynayıblar.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra dövlət başçımızın 2014-cü ildə Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə səfəri münasibətlərdə yeni səhifə açıb. Azərbaycan və Vyetnam arasında siyasi məsləhətləşmələr aparılır, hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Ölkələrimiz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Bu səfər parlamentlərarası əməkdaşlığa da müsbət təsir edəcəkdir.
Ölkələrimiz arasında neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə əməkdaşlıq həyata keçirilir. İqtisadi, ticarət, elmi və texniki əməkdaşlığa dair Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir”.

Deputat qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın kökləri də sovet dövrünə gedib çıxır. Bu əməkdaşlıq mədəniyyətin və incəsənətin müxtəlif sahələrini əhatə edib:
 “Təhsil sahəsində əməkdaşlıq xüsusilə uğurlu olub. Sovet dövründə Azərbaycan ali məktəblərində 5 minə yaxın vyetnamlı gənc təhsil alıb. Onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələrdə işləyir. Cənab Prezidentimiz hələ 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşmüşdü. Həmin görüşdən bir il sonra Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi. Onun ictimai rəyə təsiri böyükdür. Ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə perspektivləri və potensialı vardır. Xüsusən turizm və vyetnamlı gənclərin ölkəmizin ali məktəblərində təhsil almaları münasibətlərin təməllərini möhkəmləndirəcəkdir. Dövlət başçımızın müsahibəsi münasibətlərimizin daha yaxşı gələcəyindən xəbər verir”.