ABŞ Cənubi Qafqaza uzunmüddətli strateji əhəmiyyət verir - Tofiq Zülfüqarov

  • “TRIPP sülh gündəliyinin həyata keçməsinə təkan verən amillərdəndir”

Azərbaycan regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirir. Rəsmi Bakı sülh prosesini yalnız qarşıdurmanın başa çatması ilə məhdudlaşdırmır, eyni zamanda regionda etimadın formalaşdırılması, yenidənqurma və bərpa işlərinin aparılması, iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsini davamlı sülhün əsas elementləri kimi qiymətləndirir. Bu yanaşma fonunda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması, iki ölkə arasında etimadın gücləndirilməsi və daha geniş regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müsbət dinamikanın yarandığı bildirilir. 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Xankəndidə diplomatik korpusun nümayəndələri ilə görüşündə bu məsələlərə diqqət çəkib. O, sülh şəraitində yaşamağın və sülh quruculuğunun yalnız siyasi razılaşmalarla yekunlaşmadığını, yerlərdə aparılan yenidənqurma və bərpa işlərinin də bu prosesin mühüm hissəsi olduğunu vurğulayıb. Xankəndidə əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzinin diplomatik korpus nümayəndələrinə təqdim edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mərkəz yenidənqurma işlərindən sonra mədəni-kütləvi tədbirlər, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim və digər istiqamətlər üzrə fəaliyyət üçün imkanlar yaradılıb. Hacıyev, həmçinin, Azərbaycan və Ermənistan liderlərinin son görüşünün konstruktiv atmosferdə keçdiyini bildirərək, tərəflərin sülh gündəliyini irəli aparmaq, qarşılıqlı etimadı gücləndirmək, ticarət, bağlantı və nəqliyyat əlaqələrini inkişaf etdirmək istiqamətində fəaliyyətə başlamaq barədə razılığa gəldiyini qeyd edib. Bununla yanaşı, o, üçtərəfli konsepsiyanın inkişafı ilə bağlı müsbət əlamətlərin müşahidə olunmasından məmnunluğunu ifadə edib və layihənin həyata keçirilməsinə dəstək verən amerikalı tərəfdaşlara təşəkkür edib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a bildirib ki, üç tərəfli konsepsiya dedikdə post-konflikt dövrünə aid üç tərəfli formatda əməkdaşlıq formulası və ya çərçivəsi nəzərdə tutulur:

“Bunun əsasında kommunikasiya və tranzit mövzusu durmaqdadır. Eyni zamanda görsənir ki, ABŞ bu bölgəyə və onun gələcəkdə oynayacağı rolunu uzunmüddətli strateji əhəmiyyət verir. Eyni zamanda burada yeni texnologiyaların yerləşməsi də nəzərdə tutulur. Azərbaycan və Ermənistan artıq yeni texnalogiyaların inkişaf etdirilməsində maraqlıdır. Bu konteksə ABŞ-nin sərmayə və texnoloji dəstəyi bölgədə əhəmiyyətli rol oynaya bilər. Bildiyiniz kimi, ABŞ-nin Mərkəzi Asiyada yerləşən ölkələrlə də geniş əməkdaşlığı nəzərdə tutur. Burada bir növ dəhliz rolunu oynayan Cənubi Qafqaz ölkələrinin dəyəri də artır”.

Zülfüqarov qeyd edib ki, Bişkekdə keçirilən Əliyev-Paşinyan görüşündə sülh gündəliyi də müzakirə olundu:

“Mən dediyim məsələlər sülh gündəliyinin daha da sürətlə həyata keçməsini təmin edən və təkan verən amillərdən biridir. İlk növbədə sülh gündəliyinə aid TRIPP layihəsi qeyd olunmalıdır. Əminəm ki, Bişkekdə baş verən müzakirələrdə bu mövzuya da xüsusi yer verilib”.