Bakı-Dəməşq əlaqələri regionda yeni siyasi eraya işarə edir -ŞƏRH

Suriya Prezidenti Əhməd əş-Şaraa Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. O, Bakıya etdiyi səfər çərçivəsində göstərilən səmimi qarşılanmaya və qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib. Şaraa məktubda Azərbaycan-Suriya əlaqələrinin tarixi bağlara söykəndiyini vurğulayıb, gələcək əməkdaşlıq, xüsusilə energetika və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın təhlükəsizliyi və inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirərək, iki ölkə arasında dostluğun daim möhkəm qalacağına inamını ifadə edib.
Qeyd edək ki, Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdi. 

Politoloq Aqşin Kərimov Sherg.az-a deyib ki, Suriya liderinin Bakıya səfəri Yaxın Şərqdə davam edən geosiyasi mübarizələrdə Azərbaycanla yaxınlaşmaq zərurətlərini izah edir:

"Bu, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə tərəfdaş olan dövlətlərin arasında böyük maraq yaradır. Azərbaycan faktoru bu fonda Yaxın Şərqdə potensial çatışmazlıqların aradan qaldırılmasını müəyyən edən ölçülərlə zəngindir. Ona görə də, Yaxın Şərqdəki geosiyasi tendensiyalarda Azərbaycan əhəmiyyətli aktor olaraq iştirak etməyi strateji maraqlarının zərurət indeksinə daxil edir. Bu amil Suriya üzərindən Azərbaycan-Türkiyə strateji ittifaqının maraqlarını ön səfərə qoymaq istiqamətlərinə əhəmiyyətli təkan verir. Bu, Yaxın Şərqdə Türkiyə-İsrail gərginliyinin aradan qalxması üçün də dönüşü açıqlaya bilər".

Analitik qeyd edib ki, dünya Rusiya-Ukrayna müharibəsini seyr edərkən, Yaxın Şərqdə qan tökülməsinə son qoymaq səyləri Azərbaycanın da iştirakı ilə üstün mövqelərə doğru irəliləyə bilər:
"Azərbaycanın regional və beynəlxalq təsir balanslarında artan barışmaz səyləri ona güzəştlər təklif etməkdə maraqlı olan qüvvələri həvəsləndirəcək.  PKK-nın ləğvi prosesini də nəzərə alsaq, Suriyada, İraqda açılacaq yeni səhifələrdə Azərbaycanın ABŞ,  Böyük Britaniya, Çin ilə də yeni əməkdaşlıq formatının yaranması qaçılmaz olacaq".