Dekabrın 12-də gecə səmasının ən parlaq obyektlərindən biri olan Bətəlqeyzə ulduzunda tutulma hadisəsi baş verəcək. Belə ki, 1891-ci ildə kəşf olunmuş Leona (A891 TA) asteroidi sabah Bətəlqeyzənin qarşısından keçəcək.
APA xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda deyilib. Bildirilib ki, 12 saniyə ərzində asteroid ulduzu tamamilə örtəcək və asteroidin ölçüləri hesablama ilə üst-üstə düşərsə, halqalı tutulma baş verəcək ki, bu da ulduzun atmosferini müşahidə etmək imkanı yaradacaq. Tutulma hadisəsi astronomlar üçün nəhəng ulduzun səthinin xəritəsini yaratmaq üçün dəyərli bir fürsətdir. Bu təbiət fenomeni alimlərə ulduzun parlaqlığının dəyişməsinin mexanizmi haqqında informasiya əldə etməyə imkan verəcək.
Bakı vaxtı ilə saat 05:17-də baş verəcək tutulmanı anı üçün ulduz üfüqdən 28o yüksəkdə qərb istiqamətində olacaq. Bu hadisəni Asiya və Avropanın müəyyən hissəsi, Florida və Meksikadan izləmək olacaq. Ulduz tutulmasını adi gözlə də müşahidə etmək olacaq, lakin daha yaxşı müşahidə üçün kiçik teleskop və ya binokl istifadəsi məqsədəuyğun hesab edilir.
Tutulmanı canlı izləyə bilməyənlər “Virtual Telescope Project” tərəfindən Youtube üzərindən onlayn yayıma qoşula bilərlər.
Qeyd edək ki, bu qırmızı ifratnəhəng ulduz Yer kürəsindən 550 işıq ili məsafədə Orion bürcündə yerləşir. Bətəlqeyzə ulduzu sürətlə təkamül etmişdir və yaxın 30-50 il ərzində ifratyeni kimi partlaması gözlənilir. Bu baş versə Yer kürəsinin sakinləri səmada Ay ölçüsündə nebula müşahidə edəcəklər.