Qarşıdan Yeni il gəlir. Bayram ərəfəsində Azərbaycanda ərzaq məhsullarının qiymət artımı “ənənəvi” xarakter alıb. Satıcılar fürsətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırır, daha çox pul qazanmağa çalışırlar.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycan höküməti biznes qurumları üçün çox rahat bir şərait yaradıb:
"Onlara heç bir kəs toxuna və yoxlaya bilməz. Çox təəssüflər olsun ki, biznes qurumları dövlətin siyasətini adekvat qiymətləndirə bilmirlər. Üstəlik Azərbaycanda qalxan qiymət bir daha enmir. Hər zamankı kimi bu il də qiymətlər qalxacaq. Son bir ayda ətin qiymətində enmə var. Bunun səbəbi isə Rusiyadan gətirilmiş ətin bazarda öz təsirini göstərməsidir. Qiymət artımı artan tendensiya ilə davam edib. Yalnız əriyin qiyməti aşağı olub. Bayram ərəfəsi qiymət artımı müşahidə olunacaq və bayramdan sonra da bu belə davam edəcək. Tələb təklifi üstələdikdə bazar aksiomu ilə qiymətin qalxması təbiidir. Ölkə bazarında isə bu əsas amil kimi hesab olunmur. Daha çox qiymət kartel sövdələşməsi, inhisarçıların fəaliyyətinə görə yüksəlir. Bu işə nəzarət edən dövlət orqanları bazarın araşdırmasını aparmır. Əhalinin orta yaşayış səviyyəsinə lazım olan məbləğ 246 manatdır. Ancaq yeni il bayramında 4 nəfərlik ailəyə normal bayram süfrəsi açmaq üçün ən azı 300 manat vəsait lazımdır. Ətin qiymətinin artmasının isə bir çox səbəbləri var. Misal olaraq suvarılan torpaqların ayrı-ayrı adamların əlində cəmləşməsi, heyvan yeminin qiymətindəki artım,kənd təsərrüfatı ilə məşğul olanların sayının azalması kimi məsələlər buna daxildir".