Müşahidələrə əsasən, əvvəllər mediada günlük bürc yozumları daha çox oxunurdu. İndi isə prosses dəyişib. Bəs buna səbəb nədir? Vətəndaşların əvvəlki inamı qalmayıb və yaxud bu sahəyə maraq azalıb?
Mövzu ilə bağlı danışan "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli “Sherg.az”a deyib ki, vətəndaşlar saytlardan daha çox youtube kanallarında, video halında olan bürc analizlərinə üstünlük verirlər:
"Məsələn, şəxsi youtube kanalımda elmi astrologiyadan, siyasi müsahibə və reportajlarda maraqlı məlumatlar verilsə də, baxış sayı 5000-dən çox olmur. Lakin günlük bürc analizləri 20 mini keçir. Heç bir xəbər portalında bu göstərici yoxdur. İnsanların bürclərə marağının bir neçə səbəbi var. Belə ki, sosial vəziyyət pis olduqda hər kəs ümid yeri axtarır. Bu halda onlar astroloji proqnozlardan təskinlik alırlar. Bu isə doğru deyil. Əslində astrologiyaya elm kimi baxmaqdansa, motivasiyaedici nüans kimi dəyərləndirmək daha düzgün yanaşmadır. Astroloq kimi daha çox elmi-astroloji göstəriciləri sözə çevirib izləyicilərimlə bölüşürəm. Ancaq bəziləri inciyir ki,gələcəyə dair müsbət fikir bildirmirsən. Lakin verdiyim analizləri özümdən uydurmuram. Unutmayaq, astrologiya xoş söz müjdəçisi deyil".