Sosioloq: Bir tikə çörəyə görə uşaqların istismar edilməsi utancvericidir

“Bəzən sosial şəbəkələrdə elə hadisələr baş verir ki, mən qərar verə bilmirəm, bu cinayətdir, ya yox. Valideynlər uşaqları ilə videolar çəkir”.
Bunu deputat Naqif Həmzə Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deyib.
Deputat bildirib ki, çox təəssüflər olsun ki, əvvəllər rayon, kənd yerlərində uşaqların məcburi əməyə cəlb edilməsi müşahidə edirdisə, indi bu hal Bakıda artıb: “Yeni açılan kofeşoplarda 14-15 yaşlı uşaqlar işləyir. Biz bir tərəfdən problemlərin həllini görürüksə, digər tərəfdən yeni problemlərin bizə doğru gəldiyini müşahidə edirik. İnanıram ki, gələcək illərdə də sosial şəbəkələrdə baş verən bu cinayətlərin qarşısını ala biləcəyik. İstənilən halda cinayətlərin böyük əksəriyyəti sosial şəbəkələrdə baş verir. Biz çalışmalıyıq ki, bu sahədə işləri, tədbirləri gücləndirək. Vətəndaşların şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkədən istifadəsini biz məcburi etməliyik. əks halda biz bu cinayətlərin qarşısını ala bilməyəcəyik”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı ''Sherg.az''a bildirib ki, bu faktlar uşaq əməyinin istismarıdır:

“Beynəlxalq Konvensiyalarda və Azərbaycan qanunvericiliyində belə hadisələr qadağandır. Bununla bağlı sərt cəzalar və cərimələr var. Son dövrlər müəyyən tədbirlərdən sonra bu hadisələr bir az azaldı. Bütün ölkələrdə uşaq əməyi istismarı  cəmiyyətin sosial-iqtisadi vəziyyəti ilə bağlıdır. Əhalinin yaşayış səviyyəsi, gəlirləri və sağlam ailə modeli normaldırsa, o zaman belə hallar çox nadir olur. Müxtəlif sahələrdə işə götürənlərə də bu sərf edir. Çünki uşaq əməyi daha ucuzdur. Onlara bir çox iş tapşırmaq olur və qeyri rəsmi işlərdə vergidən yayınmaq mümkündür. Burada vicdan amili də böyükdür. Ancaq vicdana toxunmaq istəmirəm. Çünki biz cəmiyyət olaraq bu anlayışı çoxdan unutmuşuq. Belə hadisələrin baş verməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, hüquq mühafizə orqanları və uşaq hüquqları təşkilatlatlarının olmaması deməkdir. Dövlət orqanları da  bunları nəzarətsiz qoyublar. Ciddi cəzalar tətbiq edərək dövlət buradan pul qazana bilər. Bir çox uşaqlar var ki, bu işi könüllü şəkildə edirlər. Ya evdə valideynləri xəstə, ya da ki, işsiz olduğuna görə bu işdə çalışırlar. Ailənin yükü uşaqların üstünə düşdüyü üçün yeniyetməliklərini qurban verərək öz ailəsini yaşatmağa çalışırlar. Ölkəmizdə ünvanlı sosial yardım, müxtəlif sosial dəstək proqramı və xeyriyyə cəmiyyətləri var. Məcburiyyəti ortadan qaldırmaq mümkündür. Bəzən də sahibsiz uşaqlar zorakı məcburiyyət nəticəsində, ya da təhsildən yayınaraq boş olduğu üçün bir iş fəaliyyəti ilə məşğul olaraq öz xərclərini ödəmək istəyir. İstənilən halda bu yolverilməzdir. Bizim ölkədə də dövlətin iqtisadi imkanları yaxşı vəziyyətdədir. Bu hadisələrə yol verməməliyik. Sahibsiz uşaqlar varsa, dövlətin sığınacaqlarında həmin uşaqlar tərbiyə edilməli və hər şeylə təmin olunmalıdır. Bir tikə çörəyə görə uşaqların istismar edilməsi utancvericidir.  Dövlət orqanları zəhmət çəkib öz funksiyaları yerinə yetirərək, bu halları aradan qaldırsınlar. Vətəndaşlarda belə hallarla qarşılaşan zaman şikayət etməlidir. Azərbaycan kimi bir ölkə üçün çox biabırçı vəziyyətdir. Yoxsul ölkələrdə bunu normal hal hesab etmək olar. Ancaq bizim maddi, mənəvi və texniki olaraq hər cür imkanlarımız varsa, və bunu etmiriksə, artıq biz sağlam cəmiyyət deyilik.”