Boşanmaların çoxalması dövlətin və cəmiyyətin yükünü artırır -SOSİOLOQ

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.
Nikah səviyyəsi Qarabağ (5,0), Şərqi Zəngəzur (4,9), MilMuğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Məsələyə münasibət bildirən Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub “Sherg.az”a bu halın Azərbaycanda vüsət almaqda olduğunu bildirib:

“Əvvəlki illərlə müqayisədə hər ay, hər il boşananların sayı çoxalır. Nikaha girənlərin sayında da nisbətən azalma var. Bunun əsas səbəblərdən biri isə gənclərimizin avropasayağı həyat tərzinə meyillənməsidir. Gənclərimiz məsuliyyətdən qaçırlar. Kimlərsə deyə bilərki, gənclərin boşanmalarına və yaxud nikahdan yayınmaqlarına əsas səbəb onların sosial maddi durumudur. Bəs o zaman bu hal niyə imkanlı ailələrdə də müşahidə olunur. Deməli əsas səbəb o deyil.Düzdür səbəblərdən biri maddi sıxıntı problemidir. Ancaq əsas səbəb mənəvi və psixoloji məsələdir. Belə hadisələr Azərbaycana xoş bir hal vəd etmir. Əgər boşanmalar çoxalırsa, bu dövlətin və cəmiyyətin yükünü artırır. Boşanmış ailələrdəki uşaqlar psixoloji travma alırlar. Bu travma sonradan onların həyatına mənfi təsir göstərir. Dayanmadan təbliğat və maariffləndirmə işləri aparılmalıdır.”