Qohum evlilikləri dünyada qəbul edilməyən və hətta bir çox ölkədə qadağan olunan evlilik forması olmasına baxmayaraq, Azərbaycanda olduqca geniş yayılıb.
Hətta insanlardakı bu meyil ədəbiyyatımızda da öz xalasının, bibisinin, dayısının və yaxud əmisinin qızı və ya oğlunu sevən, hətta onlardan övlad dünyaya gətirən bir çox obrazın “doğulmasına” səbəb olub. Qələm əhlini belə dilə gətirən bu hal həkimlərin də ürəyincə deyil.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a bildirib ki, qan qohumları, yəni bacı, qardaş, ata və ana arasında olan yaxınlıq insens sayılır:
“İnsens artıq dünyada qadağan edilib və heç yerdə tətbiq edilmir. Ancaq zamanında buda olub. Yaxın qohumlar arasında nikahlar daha çox problemli olur. Çünki müxtəlif xəstəliklərin o cümlədən genetik xəstəliklərin və talassemiyanın bu gün yayılması buna bağlıdır. Uzun müddətdir ki, Azərbaycanda qohumlar arasında nikahlar dəb xarakteri alıb. Yavaş-yavaş insanlar artıq bunu başa düşür. Çünki yeni doğulan uşaq daha sağlam genləri götürməlidir. Əgər qohumlarda hansısa, genetik xəstəlik varsa, uşağın sağlam gen götürməsi məhdudlaşır. Çox vaxtda talassemiya xəstələrinin doğulması səbəbi bundan ibarətdir. Hazırda bunların qarşısını almaq üçün nikahdan qabaq müxtəlif yoxlamalardan keçmək lazımdır. Bütün bunlarla yanaşı əmi,dayı, xala oğlu və digər qohumlar arasında nikahlar qadağan edilməsə də maarrifləndirmə aparmaq lazımdır. Maarifləndirilmə aparılsa, insanların özləri qohum evliliyindən çəkinəcəklər.”