Səmra Rəhimlinin klipində zərərli vərdişlər təbliğ olunur

İctimaiyyət məsələyə böyük etirazını bildirməlidir

"Hərtərəfli psixoloji tərbiyə altında olan gənclər musiqidən narkotik vasitələrə aludəçiliyi, həyatı meşşan formada keçirməyi öyrənirlər"


Müğənni, “Eurovison 2016” təmsilçimiz Səmra Rəhimli “AZN” adlı yeni klipini yayımlayıb. Lakin ifaçının klipi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Onun ekran işindəki açıq-saçıq görüntülər, narkotikdən istifadəyə dair məqamlar diqqət çəkib. 
Həmçinin Səmra klipdə tanınmış şair Mirzə Ələkbər Sabirin fotosundan da istifadə edib. Sənətçinin açıq-saçıq geyimdə şairin tablosunun yanında dayanması müzakirələrə səbəb olub. Bu, M.Ə.Sabirə qarşı hörmətsizlik kimi qəbul edilib.

Mövzu haqda “Şərq”ə danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov  deyib ki, klipdə zərərli vərdişlər təbliğ olunub:

“Guya qiymətli daş-qaş göstərilir. Lakin son vaxtlar elliklə  mübarizə apardığımız “patı”, “şüşə” kimi narkotik vasitələrin birbaşa reklamı gedir. Qrup şəklində qızların, oğlanların yarıçılpaq rəqsi yer alır. Həmin  mahnıya da əsasən yeniyetmələr, gənclər qulaq asır. Bu mesajın verilməsini zərərli bir hal kimi qiymətləndirirəm. İctimaiyyət məsələyə böyük etirazını bildirməlidir. Mirzə Ələkbər  Sabirin fotosu daha mədəni formada göstərilə bilərdi. Amma sintetik narkotik vasitələrin obrazlı nümayişini, digər zərərli halların  təbliğini başa düşmək olmur.

Bu, Amerika  və Avropa cəmiyyəti üçün məqbul sayıla bilərdi. Azərbaycan kimi oturuşmuş, kövrək ictimai, psixoloji duruma malik, savadsızlığın baş alıb getdiyi toplum üçün belə kliplərin nümayişi mənfi haldır. “YouTube” platformasından uşaqdan-böyüyə hər kəs istifadə edir.  Məsələn, uşaq bir çizgi filmi izləyəndə, həmin klipi də görə bilər. Onun alt şüuruna,  psixologiyasına uyuşdurucular, narkotik vasitələr, dələduzluq kimi vərdişlər yazılacaq.  Biz cəmiyyəti, gənclərimizi hara aparırıq? Ona görə etiraz etməliyik”. 

Ekspert  bu kimi hallarla bağlı əxlaq, mənəviyyat və mədəniyyət komissiyasının  yaradılmasına ehtiyac olduğunu söyləyib:

“Belə məsələlərə vaxtında və kəskin reaksiya verilməldir. Xanım istəyirsə, erotik, pornoqrafik klip də çəkdirə bilər. Dünya ulduzlarının iki variantda klipləri hazırlanır. Birinci, insanların ailəlikcə baxa biləcəyi formada, ikinci isə erotik, pornoqrafik elementlərdən istifadə etməklə. Lakin ikinci növ kliplər  şəxsiyyət vəsiqəsi istənilən platformalarda yayımlanır. Çox az adam onları izləyə bilir. Bizdə isə  istədiklərini çəkib saytlarda və  “YouTube” kanallarında yerləşdirirlər. Təəssüf ki, ciddi saytlarda da sözügedən klipi yayımladılar. Cəmiyyətimizdə belə işlər görmək olmaz. Hərtərəfli psixoloji tərbiyə altında olan gənclər musiqidən narkotik vasitələrə aludəçiliyi, həyatı meşşan formada keçirməyi öyrənirlər. Bunun  da axırı yaxşı qurtarmayacaq”.