"...İlqar Xəyal o müğənniyə evlilik təklif edib"

Müğənni səs tonu, görünüşü ilə  seçilməlidir. Sükan arxasında olanda radioya  qulaq asırıq. Çalışırıq ki, səsin kimə aid olduğunu tapaq. Məsələn, bu Aygün Kazımovadır, Zülfiyyə Xanbabayevadır və sair deyirik. Sonra estradamızdan  başqa mahnılar səslənir. İfaçını tanımaq olmur. Düşünürük ki,  görəsən, oxuyan kimdir?”
“Sherg.az” xəbər verir ki, bu sözləri “Səhər-səhər” proqramında müğənni İlqar Xəyal söyləyib. O, bəzi həmkarlarına irad bildirib:
“Bir-birinə bənzəməyə çalışan  ifaçılar indi  gündəmdə  olacaqlar, pullarını qazanacaqlar. Amma tarixə düşməyəcəklər. Bir-iki  ildən sonra unudulacaqlar. Gülağa Məmmədov, Yalçın Rzazədə heç vaxt unudulmur.

Çünki Y.Rzazadə ifa edəndə o olduğunu bilirdik. Mən “İncə bellim”  mahnısını ifa etmişəm. Hətta ondan bir ton zildən oxumuşam. Nə qədər oxusam da, tarixdə Y.Rzazadənin ifası qalacaq.

Qarşıma populyar olmaq kimi məqsəd qoymamışam. Buna ehtiyac da yoxdur. Başımı aşağı salıb sakit  həyatımı yaşamaq , gündəmdən, qalmaqallardan, söz-söhbətlərdən uzaq olmaq istəyirəm.

Buna baxmayaraq verilişlərdən xəbərlər yazırlar, müzakirə edirlər. Hər gün sosial şəbəkələrə girəndə arzu edirəm ki, adım orda çıxmasın.  Əməkdar artist, sevdiyim dostum var. Məni onunla “evləndirdilər”. 

Verilişdə süjet canlandırırdıq, mahnı ifa edib, əl-ələ tutmuşduq. O kadrı paylaşıb  yazıblar ki, İlqar Xəyal o müğənniyə evlilik təklifi edib. Güya o da mənə “yox” deyib. Halbuki heç vaxt imtina etməzdi. Özü də dedi ki, sən mənə evlilik təklif etsən, “yox” deməzdim”.