Alban əlifbası çox qədimdir

Onun erməni hərfləri ilə heç bir əlaqəsi, bağlılığı yoxdur

"Erməni əlifbasında hərflərin sayı azdır, hardasa 32 işarə var. Alban əlifbasında isə 52 hərf olub"


Məlum olduğu kimi ötən gün Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana və Çotari Alban-Udi kilsəsində olublar. Dövlət başçısına və birinci xanıma kilsələrdə görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanılıb və 2020-ci ilin noyabr ayında 44 günlük Vətən müharibəsi zamanı bərpa işləri başa çatdırılıb. Bildirilib ki, tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 mini Qəbələnin Nic qəsəbəsində yaşayır. 

Nic qəsəbəsindəki bu Alban Udi Kilsəsinin tikintisinə XII əsrdə başlanılıb, XVIII əsrdə başa çatdırılıb. Sonradan bu kilsə ermənilərin əsarətinə düşüb, düşmən tərəfindən dağıdılaraq yararsız hala salınıb. Lakin Heydər Əliyev Fondu qədim kilsənin dağılıb məhv olmasına imkan verməyib. Əslində bu, qəsəbədə Fond tərəfindən təmir edilən ikinci kilsədir. 2006-cı ildə udilərin kompakt şəkildə yaşadığı qəsəbədə Cotari Alban Udi kilsəsi də təmir edilərək istifadəyə verilib. XVIII əsrdə istifadəyə verilən Müqəddəs Məryəm Ana Kilsəsi ermənilərin tabeliyinə verilib. Təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilib. Onun maddi və mənəvi irsi ermənilərin Qriqoryan kilsəsinin təsiri altında erməniləşdirilib. Sənədlər, arxiv materialları, lövhələri dəyişdirilərək saxtalaşdırılıb. Erməni saxtakarlığı Azərbaycanın hər bölgəsinə sirayət edib. Düşmən 30 ilə yaxın işğalda saxladığı Qarabağda da qədim Qafqaz Albaniyası ilə bağlı tarixi abidələri öz adlarına çıxıblar. Alban məbədlərinin böyük qismi ermənilər tərəfindən qriqoryanlaşdırılıb. Şükürlər olsun ki, Qarabağın işğaldan azad edilməsindən sonra torpaqlarımızla yanaşı, tarixi məbədlərimiz də azadlığa qovuşub. Ermənilər öz xislətlərinə uyğun olaraq ibadət ocaqlarımızı, məscidlərimizi amansızlıqla dağıtsalar da, Azərbaycan dövləti öz ərazisindəki bütün kilsələri təmir etdirərək vətəndaşların istifadəsinə verib. Bu yanaşmanın özü Azərbaycan dövlətinin və xalqının bəşəri dəyərlərə, tolerantlığa nə qədər bağlı olduğunun göstəricisidir. 
Qəbələdəki Çotari Alban-Udi kilsəsi isə yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülüb. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərsə də, müstəqillikdən sonra məbədin tarixi missiyası bərpa olunub. 
Nic qəsəbəsində udilərlə səmimi söhbət edən Prezident İlham Əliyev alban kilsələrinin bərpadan öncə çox bərbad vəziyyətdə olduğunu xatırladıb. Bildirib ki, bərpa zamanı işlər Afina memarlığına uyğun olaraq aparılıb: “Həm daxili, həm xarici tərtibata heç bir xələl gətirilməyib. Biz çalışmışıq ki, o vaxt tikinti zamanı istifadə olunan inşaat materiallarından istifadə edək”. Ölkə rəhbəri udi xalqının çox böyük tarixi mirasının olduğunu deyib. Dövlət başçısı bəyan edib ki, Qarabağda da udi xalqına məxsus məbədlər var. Amma onların böyük hissəsi dağıdılıb: “Onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz”. 

Yerli sakinlər vurğulayıblar ki, pandemiyaya, 44 günlük müharibəyə baxmayaraq, bərpa işləri bir gün belə dayanmayıb. Udi xalqının nümayəndəsi qeyd edib ki, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir:

“Kilsəni alban, ortodoks konsepsiyasına uyğun olaraq bərpa etdik. Ermənilər özününküləşdirmişdilər. Adətən ermənilərdə Qriqoryan kilsəsində altar hissə daha hündür olur. Albanlarda isə 3 pilləkəndən ibarətdir. Bu, memarlıqda əsas elementdir. Biz onun üstünü açanda gördük ki, ermənilər bunun üstünü bağlayıblar. Biz bunları, alban xaçını təmizlədik”.

Görüş zamanı Prezidentin diqqətinə qədim alban əlifbası ilə qələmə alınmış orijinal əlyazma da təqdim olunub. Vurğulanıb ki, həmin yazı udi dili əsasında 9 dilə tərcümə edilib:

“Bu, onu göstərir ki, albanların öz əlifbası erməni kilsəsindən qabaq olub. Məşhur Avropa alimləri də bunu təsdiqləyiblər. Hər bir vərəqi orijinaldır”. 

Dövlət başçısı isə qeyd edib ki, Mədəniyyət Nazirliyi ilə birlikdə bu əlifbada kitablar dərc olunmalıdır: “Bu əlifbada kitablar dərc olunsun və uşaqlar da bu əlifbanı bilsinlər. Alban dili təkcə məişətdə yox, udilər arasında da geniş istifadə olunmalıdır”. Daha sonra ölkə rəhbərinə alban dilində dərc olunmuş müqəddəs kitab hədiyyə edilib. Bildirilib ki, qədim əlifbada 52 hərf var. Amma kompüterdə işləmək asan olsun deyə, 49 işarədən istifadə olunur: “Müqəddəs kitablar buraxırıq, təqvimlər buraxırıq. Bunları yavaş-yavaş bərpa edirik”. 

Udilər dövlət rəhbərliyi tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan dolayı öz təşəkkürlərini ifadə ediblər. Həm də bildiriblər ki, Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq hazırda Qəbələ və Oğuzdakı alban məbədlərində ibadət etdikləri kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Laçındakı Ağoğlan, Kəlbəcərdəki Gancasar, Ağdərədəki Müqəddəs Yelisey və onlarla digər belə məbədlərdə də ibadət edəcəkləri günləri səbirsizliklə gözləyirlər. 

AMEA-nın Tarix İnstitutunun elmi işçisi, albanşünas-alim Ramin Əlizadə “Şərq”ə açıqlamasında bildirib ki, alban abidələri Azərbaycanda çox geniş ərazini və arealı əhatə edir. Tarixçi vurğulayıb ki, alban əlifbası çox qədimdir və erməni hərfləri ilə heç bir əlaqəsi, bağlılığı yoxdur:

“Albanların özlərinə aid olan qədim əlifbadır. Erməni əlifbasında hərflərin sayı azdır, hardasa 32 işarə var. Alban əlifbasında isə 52 hərf olub. Belə çıxır ki, albanlar erməni əlifbasını “götürüblər” və özlərindən 20 hərf əlavə ediblər?! Bu, absurd iddiadır. Alban əlifbasının tarixini ən gözəl araşdıran və qədim əlifbada yazılmış yazıları oxuyan gürcü tədqiqatçı Akaki Şanidze olub. Şanidze qədim əlifbanın məhz albanlara məxsus olmasını, ermənilərin olmadığını təsdiqləyib və bu fikri müdafə edib. Bu baxımdan orijinal alban əlifbasının təbliğatı mühümdür ki, bunun ermənilərlə yaxından-uzaqdan əlaqəsinin olmadığı bəlli olsun. Həm də mədəniyyət cəhətdən, yəni etno-mədəni seqment kimi alban əlifbasının saxlanması önəmlidir”. 

Tarixçi vurğulayıb ki, Qəbələnin Nic qəsəbəsində yaşayan udilər 26 alban tayfasından birinin varislərindən sadəcə biridir:

“Sadəcə udilər xristian qalıblar. 25 tayfa isə indiki Azərbaycan xalqının əcdadları olaraq islam dinini qəbul ediblər. Nəticədə yeni dini-mədəni xüsusiyyət formalaşıb. Bu da Azərbaycan islam mədəniyyətidir. Hansısa qədim mənbədə ermənilərdə 26 tayfanın olması barədə məlumat yoxdur. Gürcülərdə də bu qədər tayfadan bəhs edilmir. Bu say Qafqazda məhz albanlara aid edilir və 26 dildə danışan tayfalardan söz açılır. Bu, əslində bölgənin rəngarəngliyini də göstərən mühüm məqamdır. Qəbələdə yaşayan udilər, Qarabağdakı alban məlikliklərinin camaatı, Zəngəzurda sonradan ermənilərlə assimilyasiya olunmuş xristianlar vaxtı ilə Azərbaycan türkləri ilə eyni dini ibadətgahlara gediblər. Ata-baba abidələri kimi kilsələrdə şam yandırıblar. O zaman “sizin-bizim abidə” söhbəti olmayıb. İndi də udilər kilsələrə gedib ibadətlərini, yaxud müəyyən əlamətdar günləri qeyd edərkən Azərbaycanın müsəlman əhalisi onlara qoşulur. Bu, çox maraqlı və diqqətçəkən nüansdır. Qədim abidələrin Azərbaycan xalqına məxsus olması açıq-aşkar bəllidir. O izlər hələ də xalqın yaddaşında qalıb. Sonradan islamı qəbul etsək də, qədim məbədlərə müqəddəs məkan kimi baxmışıq”.