"...Dünya iqtisadiyyatının çöküşü baş verəcək"


Dünya bazarında neftin qiyməti yenə aşağı düşüb. Buna koronavirusun “Delta” ştammının yayılmasından sonra sərmayədarlar arasında yaranmış narahatlıqlar səbəb olub. Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:54-də 0,45 azalaraq 73,81 ABŞ dolları təşkil edib. “Brent”in avqust fyuçersləri isə 0,52 ucuzlaşıb və 74,29 ABŞ dollara təklif olunub.
“WTI” neftinin avqust fyuçersləri bu səhər 0,41 ucuzlaşaraq bir bareli 72,61 ABŞ dollara satılıb. Koronavirusla bağlı yeni narahatlıqlar neft qiymətlərinə mənfi təsir göstərir.

Treyderlər xüsusilə COVID-19-un yeni "Delta" ştammının yayılmasından ehtiyatlanırlar. Bu ştammın bəzi ölkələrdə yayılması xammal tələbatı üçün risklər yaradır, çünki yoluxma hallarının artmasına görə insanların hərəkətinə məhdudiyyətlər yenidən tətbiq olunur.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov "Şərq"ə açıqlama verib. Ekspert qeyd edib ki, neftin qiymətinin yüksəkdə olmasını təmin edən əsas vasitələrdən biri dünya iqtisadiyyatının normal çalışmasıdır: "Ümumiyyətlə, neftlə əlaqədar dünya bazarlarında sabah vəziyyətin necə olacağı barədə qabaqcadan fikir söyləmək çox çətindir.

Dünya iqtisadiyyatının normal çalışması üçün iqtisadi aktivliyin və işgüzar fəallığın normal səviyyədə olması əsas amillərdən biridir. Bura tələbin olması, istehsalın və istehlakın əvvəlki qaydada olması və s. kimi amillər daxildir. Əgər növbəti dəfə bütün qeyd etdiyim amillər hər hansısa bir virus səbəbindən aradan qalxarsa,  dünya iqtisadiyyatında yenidən bir çöküşün, enişin şahidi olacağıq. Nəticədə yenə dünya iqtisadiyyatının geriləməsi müşahidə ediləcək".

P.Heydərov əlavə edib ki, Azərbaycan da dünya iqtisadiyyatının tərkib hissəsidir:

"Azərbaycanda dövlət büdcəsi, əhalinin gəlirləri, ümumiyyətlə hər bir məqam bilavasitə neftin qiymətindən asılıdır. Əgər dediyim kimi, dünya iqtisadiyyatında qeyd olunan tendensiyalar yenidən müşahidə edilməyə başlayarsa, iqtisadi vəziyyətin yenidən əvvəlki kimi pisləşəcəyinin şahidi ola bilərik. Amma yenə təkrar edirəm ki, bu barədə indidən dəqiq proqnoz irəli sürmək mümkün deyil".