Yeni kommunikasiyaların yaradılması muxtar respublikanı tamamilə blokadadan çıxaracaq
Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün, ümumilikdə, bütün türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır.
Qeyd edək ki, Zəngilandan Naxçıvanda dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaq. Bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artırmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaqdır.
Zəngəzur dəhlizinin açılması isə Naxçıvan, həm də bizim üçün Avropaya qapı, türk dünyası üçün isə ümid bağına çevriləcək. Ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüş zamanı səfir qeyd edib ki, İkinci Qarabağ müharibəsindəki tarixi qələbə "Türk qapısı" adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxarıb". Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli qoyulmuş əlaqələrin davamıdır. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilməkdədir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb. Ekspert diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması tək Naxçıvanla Azərbaycanın şərq hissəsini, yəni ana hissəsinin birləşdirmir. Ekspert vurğulayıb ki, bu, ilk növbədə Naxçıvanın iqtisadi fürsətlərinin genişlənməsində çox mühüm rol oynayacaq:
"Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan bir keçid koridoru rolunu oynayacaq. Yəni Türkiyədən Orta Asiyaya, Orta Asiyadan Türkiyəyə, ordan da Avropaya qədər həm Azərbaycanı, həm də Naxçıvan Muxtar Respublikasını yeni keçid mərkəzlərindən birinə çevirəcək. Təbii ki, bunun da kifayət qədər iqtisadi və geosiyasi əhəmiyyəti olacaq".
İqtisadçı qeyd edib ki, dəhlizin açılması Naxçıvanın özünə də müsbət təsir göstərəcək:
"Çünki Naxçıvan Ermənistanın işğalçı siyasəti nəticəsində uzun illər blokada şəraitində yaşayırdı. Bu da Azərbaycanı Naxçıvanın təminatında başqa ölkələrdən asılı vəziyyətə salmışdı. Yəni Azərbaycan həm İrandan, həm də Türkiyədən Naxçıvanın təminatını həyata keçirirdi. İndi birbaşa koridorun olması Naxçıvanın həm elektrik enerjisi , həm təbii qaz, həm də digər kommunikasiyalar ilə təmin olunmasında birbaşa keçid rolunu oynayacaq. Habelə, yerüstü nəqliyyatıın, yəni həm avtomobil yollarının, həm də dəmiryollarının açılışı Naxçıvanın gələcəkdə daha çox iqtisadi fürsətlər qazanmasına şərait yaradacaq. Amma dediyim kimi, bu məsələyə tək dar çərçivədə, yəni Naxçıvanla Azərbaycanın arasında olan bir körpü kimi baxmaq düzgün deyil. Ona ümumilikdə şərq-qərb arasında bir körpü kimi baxmaq daha doğrudur. Bu dəhlizin reallaşdırılması Azərbaycanın bir nəqliyyat habına çevrilməsi yolunda atdığı addımları daha da genişləndirə bilər. Həmçinin daha pozitiv nəticələr doğura bilər".