Firdovsiyyə Əhmədova: "Lakin onun haqqında çəkiləcək serial real faktlara söykənməlidir"
"Yaxşı olar ki, filmdə onun ictimaiyyətə məlum olmayan fəaliyyəti də işıqlandırılsın"
Böyük messenat, görkəmli ictimai xadim Hacı Zeynalabdin Tağıyev haqqında serial çəkiləcək. Bu haqda Mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, serial Mədəniyyət Nazirliyi ilə Bakı Media Mərkəzinin birgə işi olacaq. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi qoyulacaq. Abidə demək olar ki, hazırdır, qoyulacağı yer də müəyyənləşib. Bu mənada qarşıdakı il “Tağıyev ili” adlandırıla da bilər. Bəs çəkiləcək serial necə olmalıdır ki, böyük şəxsiyyətin həyatı və gördüyü işlər hərtərəfli əks olunsun?
Fəlsəfə doktoru, DİA tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova “Şərq”ə açıqlamasında qeyd etdi ki, H.Z.Tağıyevin zəngin, ibrətamiz, canlı epizodlarla dolu həyatı onun bioqrafiyası haqqında çəkiləcək filmin çox baxımlı olmasını təmin edəcək:
- H.Z.Tağıyevin həm şəxsi həyatı, həm də ictimai fəaliyyəti haqqında kifayət qədər zəngin materiallar var. Tağıyevin həyatı nə qədər maraqlıdırsa, onun ictimai fəaliyyəti də bir o qədər çoxşaxəli və zəngindir. Tağıyevdən danışılanda daha çox iqtisadi fəaliyyəti, messenatlığı önə çəkilir. Amma onun geniş ictimai fəaliyyətinin məlum olmayan tərəfləri də var. Yaxşı olar ki, ictimaiyyətə məlum olmayan fəaliyyəti də işıqlandırılsın. H.Z.Tağıyev Azərbaycan tarixinin çox önəmli, əhəmiyyətli və ictimai-siyasi təlatümlər baxımından zəngin bir dövrünü təmsil edir. Ona görə də hesab edirəm ki, çəkiləcək bu serialda təkcə Tağıyev deyil, ümumilikdə dövrün Bakı mühiti, Azərbaycanın ictimai-siyasi həyatı, dövrün görkəmli şəxslərinin də həyatı da əksini tapmalıdır. Təbii ki, belə bir serialın çəkilməsini təqdir edirəm. Amma serial çəkilməsi prosesində mütləq mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır. Azərbaycan tarixinin bir neçə mərhələsi üzrə tədqiqatçılardan məsləhət alınmalıdır.
F.Əhmədova qeyd etdi ki, H.Z.Tağıyev haqqında çoxsaylı rəvayətlər var, çünki o, öz zamanında əfsanələşmiş şəxsiyyət idi:
- Lakin serial real faktlara söykənməlidir. Tağıyevin qızı Sara xanımın xatirələri, dövrün ziyalılarının, görkəmli şəxsiyyətlərin xatirələri var. Bunlar həm yazılı, həm də şifahi mənbələrdir ki, sənədlərdə əksini tapıb. Bununla yanaşı serial müəlliflərinə böyük köməklik göstərəcək arxiv materialları, bir neçə cild sənədlər toplusu var ki, onlar sayəsində H.Z.Tağıyevin nəhəng fəaliyyəti dəqiqliyi ilə əks etdirilə bilər. Yetər ki, mütəxəssislərin rəyi alınsın.