(26 yanvar 1863, Şuşa – may 1920, Gəncə)
( Maarifçi-pedaqoq, tənqidçi, ədəbiyyatşünas, yazıçı- publisist, ictimai xadim Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr edilir)
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış və Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində dərin iz qoymuş görkəmli Azərbaycan ziyalılarından biri də Firidun bəy Köçərlidir( Köçərlinskiy).
Görkəmli maarifçi, pedaqoq, tənqidçi, ədəbiyyatşünas, yazıçı- publisist, ictimai xadim - Firudin bəy Köçərli həyatda cəmi 57 il ömür sürmüşdür. Lakin onun həyatda belə qısa ömür sürməsinə baxmayaraq xalqımızın mədəni inkişafı yolunda çox əhəmiyyətli işlər görə bilmişdir. O, ömrünün 40 ilini millətin maariflənməsi və mədəni tərəqqisinə, savadsızlığın və geriliyin aradan qaldırılmasına, mövhumat və cəhalətə qarşı mübarizəyə həsr etmişdir. Firudin bəy Köçərlinin qələminin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etmək olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ on il bundan əvvəl-2013-cü il fevralın 14-də Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda qeyd edilirdi:” 2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam olur. Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyətə malikdir. Azərbaycan mədəniyyətinin inkişafı naminə xidmətlərini nəzərə alaraq, Firidun bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanaraq həyata keçirilsin.”
Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində əhəmiyyətli yer tutmuş Firudin bəy Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Şuşada ziyalı ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində aldıqdan sonra 1876-cı ildə atasının məsləhəti ilə Şuşadakı dördsinifli rus şəhər məktəbinə daxil olmuşdur. Firidun bəy Köçərli dövrünün tanınmış pedaqoqu, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin inspektoru A.O. Çernyayevskinin dəvəti ilə 1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasına oxumağa getmiş və 1885-ci ildə həmin seminariyanı bitirmişdir. Qeyd edirik ki, Zaqafqaziya Müəllimlər Seminariyası Rusiya İmperatoru II Aleksandrın 8 aprel 1875-ci il tarixli fərmanı ilə təsis edilmişdir. Zaqafqaziya Müəllimlər Seminariyasında və onun nəzdindəki üç ibtidai məktəbdə - rus, gürcü və erməni məktəblərində təhsil rus dilində aparılırdı. Həmin məktəblərdə təhsilin rus dilində aparılması və Azərbaycan dilini bilən müəllimlərin olmaması azərbaycanlı uşaqların böyük əksəriyyətini həmin tədris ocağına cəlb edilməsi işində böyük çətinliklər yaradırdı. Övladlarının rus tədris ocağına cəlb edilməsinin əhəmiyyəti barədə əhali arasında aparılan maarifləndirmə işləri də olduqca ləng gedirdi. Ana dilində savad almaq cəhdi azərbaycanlı uşaqların böyük əksəriyyətini ənənəvi məktəblərə cəlb edirdi. Seminariyanın nəzdində müsəlman uşaqlar üçün də dünyavi ibtidai məktəbin açılmasına böyük tələbat və ehtiyac duyulurdu.
XIX əsrin ikinci yarısından başlayaraq Rusiya İmperiyasının ucqarlarında, o cümlədən Azərbaycanda çarizmin yeritdiyi ruslaşdırma və ayrıseçkilik siyasətinə qarşı, habelə milli dünyavi məktəb uğrunda mübarizə güclənirdi. XIX əsrin sonlarından başlayaraq, Azərbaycanda maarifçilik ideyası və təşəbbüsünün başında duran milli mətbuatımızın banisi Həsən bəy Zərdabi və onun ətrafında toplanmış dövrün digər mütərəqqi ziyalıları “Əkinçi” qəzetinin demək olar ki, hər bir nömrəsində xalqı cəhalətə, geriliyə qarşı mübarizəyə səsləyir, xalqa - maarif, mədəniyyət və məktəb deyərək öz səslərini ucaldırdılar. XIX əsrin II yarısında Azərbaycanda milli şüurun oyanmasında və onun formalaşmasında, maarifçilik hərəkatının yaranmasında, mütərəqqi fikrin inkişafında H.Zərdabi və onun ”Əkinçi” qəzetinin böyük xidmətləri olmuşdur.
Xalqın qəflət yuxusundan ayılmasıda, maarif, elm, mədəniyyət meydanına qədəm qoymasında qəzetin rolunu yüksək qiymətləndirən xalqımızın digər mütərəqqi ziyalısı Firudin bəy Köçərlinin “İqbal ”,” Kaspi “, “İrşad ”, “ Kavkaz”, “Zakafkaziya” və başqa qəzetlərdə dərc etdirdiyi məqalə və materialları bu məqsədə xidmət edirdi.
1897-ci ilin oktyabr ayında N.Sokolinskinin vəfat etməsi ilə əlaqədar olaraq “Каспий” qəzetinin naşirlik səlahiyyəti Bakı milyonçusu, Azərbaycan tarixində əhəmiyyətli rolu olmuş Hacı Zeynaləbdin Tağıyevin ixtiyarına keçmişdir. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev 1897-ci ilin oktyabr ayında dörd qəzeti və mətbəəsini 57 min manata satın almışdır. H.Z.Tağıyev dövrünün məşhur nəşrlərindən olan və rus dilində çıxan “Каспий” qəzetini satın alaraq qəzetin fəaliyyətini milli maraqların müdafiəsinə yönəldə bilmişdir.
H.Z. Tağıyev “Kаспий” qəzetinin sahibi olduqdan sonra Ə.Topçubaşovun qəzetin redaktoru təyin edilməsinə nail olmuşdur. Ə.Topçubaşov 24 iyun 1898-ci ildən 20 oktyabr 1907-ci ilədək “Каспий” qəzetinin redaktoru olmuşdur. Ə.Topçubaşov, “Kaspi” qəzetinin redaktoru olduğu dövrlərdə əsası hələ N.Sokolinskinin redaktorluğu dövründən qoyulmuş maarif və təhsil məsələlərinin işiqlandırılması kimi şərəfli ənənəni davam etdirməyə çalışmışdır. Həmin vaxtlarda dövrün tanınmış pedaqoqları- F.Köçərli və M.Mahmudbəyov təhsil, təlim-tərbiyə problemlərinə həsr edilmiş məqalələrlə “Kaspi” qəzetinin səhifələrində çıxış etmişdilər. F.Köçərli ”Orta məktəblərdə yerli dillərin tədrisi məsələləri.”(“Kaspi”.1905.№143-144);”Yeni tədris planı ”Kaspi”.1905.№161); ”İrəvan quberniyasının xalq məktəbləri şagirdlərinə müraciət”(“Kaspi.”1905.№193) məqalələrində görkəmli rus pedaqoqu K.D.Uşinskinin mötəbər fikirlərinə əsaslanaraq şagirdlərin mənəvi inkişafında xalq dilinin böyük rol oynadığını qeyd edirdi.Onun “A.O.Çernyayevski” (vəfatının 20 illiyinə həsr olunur.) sərlövhəli məqaləsi 17 dekabr 1914-cü il tarixli 282№li “Каспий” qəzetində dərc edilmişdir.
Qeyd edirik ki, F.Köçərli və M.Mahmudbəyov müxtəlif vaxtlarda ”Kаспий” qəzeti ilə əməkdaşlıq etmiş, lakin pedaksiyanın işlərində iştirak etməmişdilər.
Keçmiş car Rusiya İmperiyasıın qabaqcıl seminariyalarından olan Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində gec də olsa nəhayət ki, tatar ( Azərbaycan-R.S.) bölməsi də yaradıldı. Həmin bölmə 1879-cu il sentyabrın 23-də Qori şəhərində fəaliyyətə başladı. Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində tatar (Azərbaycan-R.S.) bölməsinin fəaliyyəti Rusiya İmperatoru II Aleksandrın 13 may 1880-ci il tarixli fərmanı ilə rəsmən qanunlaşdırıldı.
Çarizmin xalq maarifi sahəsində yürütdüyü mürtəce siyasətlə əlaqədar olaraq Azərbaycan bölməsi Azərbaycandan uzaqda, Gürcüstanın Qori şəhərində açılmışdır. Lakin bölmənin çar hakimiyyəti tərəfindən mürtəce məqsədlə açılmasına baxmayaraq, onun yaradılması müsəlman - azərbaycanlı müəllim kadrlarının hazırlanmasında mühüm mərhələ təşkil etmişdir. Qori Seminariyası öz mövcudluğu və fəaliyyəti ilə Azərbaycanda xalq məktəbinin, təhsil və mədəniyyətin inkişafında müstəsna rol oynamışdır.
Bölmənin açıldığı ilk vaxtlarda orada oxumaq üçün ərizə vermək istəyən azərbaycanlı müsəlman uşaqların sayı olduqca az olmuşdur. Vəziyyətin belə olması bölmənin gələcək fəaliyyətini şübhə altına alırdı. Gərginlik yaşanan belə bir zamanda Şamaxıda kasıb rus ailəsində doğulub boya başa çatmış, tatar ( Azərbaycan-R.S.) bölməsinə inspektor təyin olunmuş və öz dövrünün tanınmış rus pedaqoqlarından olan Aleksey Osipoviç Çernyayevski bölmənin fəaliyyətini təmin etmək məqsədilə savad almaq istəyən azərbaycanlı uşaqların axtarışına çixır. O, axtarışlarını İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şamaxı, Lənkəran, Quba və Dərbənddə aparır. A. Çernyayevskinin axtarışları nəticəsiz qalmır. Çox keçmir ki, Şuşadan Firudin bəy Köçərli, Səfərəlibəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Mahmudbəyov, Teymur Bayraməlibəyov, Qazaxdan İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlinski, Səkidən Rəşid bəy Əfəndiyev Çernyayevskinin ümidlərini doğruldur və həmin tədris ocağına oxumağa təşrif buyururlar. Qeyd edirik ki, 1879-cu ildə Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsinə Firudin bəy Köçərli ilə eyni vaxtda daxil olmuş ilk azərbaycanlı şagirdlərin sırasında sonralar məhşur pedaqoq kimi yetişmiş və xalqımızın milli təhsil tarixində əhəmiyyətli rol oynamış Rəşid Əfəndiyev, Mahmud Mahmudbəyov, Səfərəli Vəlibəyov, Həşim Nərimanbəyov, Ağababa Ağabababəyov, İsmayıl Vəkilov, və başqaları da olmuşdur. Qori Seminariyasının məzunu, böyük ziyalı Firudin bəy Köşərli sonralar yazırdı:” Qori seminariyasının Azərbaycan bölməsində yaxşı və diqqətəlayiq nə vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır...Çernyayevskinin “Vətən dili bizim məktəblərdə yeni bir dövr açdı”. Oxumaq üçün seminariyaya gəlmiş azərbaycanlı müsəlman gənclər ilk pedaqoji təhsillərini seminariyada aldıqdan sonra pedaqoji fəaliyyətlərini Azərbaycanın müxtəlif kəndlərində ibtidai məktəblərin yaradılması işinə həsr etmiş, həmçinin mövcud olan ibtidai kənd məktəblərində müəllimlik edərək xalq kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın, geriliyin aradan qaldırılmasında yaxından iştirak etmişdilər.
İrəvan və Yelizavetpol quberniyalarının Xalq məktəbləri direktoru B.İ. Boqaçov 1884-cü il aprelin 17-də Yelizavetpol şəhərindən Zaqafqaziya Müəllimlər Seminariyasının direktoru Dmitriy Dmitriyeviç Semyonova göndərdiyi məktubda onun rəhbərlik etdiyi direksiyanın ibtidai məktəblərində müəllimlik edən Seminariyanın məzunları haqqında məlumat təqdim etmişdir. O, həmin məktubda seminariyanın məzunları - Mirzə Əli Xəlilovun 26 iyun 1881-ci ildən etibarən Naxçıvan şəhər məktəbində; Qasım Cəfər oğlu Qasımovun 1 sentyabr 1882-ci ildən Ordubad məktəbində; Ələsgər Molla Süleyman oğlu Süleymanovun 1 avqust 1882-ci ildən etibarən İrəvan quberniyasının iki sinifli Yengicə məktəbində; Həşim bəy Nərimanbəyovun 1 sentyabr 1882-ci ildən Yelizavetpol quberniyasında 2-sinifli Dağkəsəmən kənd məktəbində; Ələsgər Şeyx Həsənovun 1 iyul 1883-cü ildən İrəvan quberniyasında Böyük-Vedi kənd məktəbində; Abdul Rəşid bəy Əfəndiyevin 1 sentyabr 1882-ci ildən Yelizavetpol quberniyasında Qutqaşen kənd məktəbində; Məmməq Ağa Əfəndiyevin 1 iyul 1882-ci ildən Yelizavetpol quberniyasında, Ağdaş məktəbində; Alış bəy Tahirovun 1 iyul 1883-cü ildən etibarən Yelizavetpol quberniyasında Qarğabazar məktəbində; Mahmud bəy Mahmudbəyovun 1 iyul 1883-cü ildən Yelizavetpol quberniyasında Ağcabədi məktəbində ; Muxtar Muradovun 1 iyul 1883-cü ildən Yelizavetpol quberniyasında Ağdaş məktəbində və başqa məzunların da pedaqoji fəaliyyətləri haqqında məlumat verirdi.Əlavə olaraq qeyd edirik ki, Seminariyanın nəzdindəki tatar (Azərbayca-R.S.) bölməsinin məzunu olmuş Səfərəli bəy Vəlibəyov 1881-ci ildə seminariyanı bitirdikdən sonra dərs demək üçün Seminariyada saxlanılmış və o, Seminariyanın tatar bölməsindəki ibtidai məktəbdə 1881- 1888-ci ilədək olan müddətdə müəllim işləmişdir.
Qeyd edirik ki, Zaqafqaziya müəllimlər seminariyasının tatar ( Azərbaycan-R.S.) bölməsinin Azərbaycana verdiyi kadrları çar Rusiyası dövründə heç bir məktəb verməmişdir. Seminariyanın Azərbaycan bölməsinin mövcüd olduğu 39 il müddətində Azərbaycan məktəbi üçün 250-ə yaxın müəllim - Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Şıxlinskilər və onlarla başqa tanınmış müəllim və ziyalılar hazırlamışdır ki, onlar da öz növbəsində Azərbaycan Milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynamışdılar. ZMS Azərbaycan bölməsinin məzunu Firudin bəy Köçərli qeyd edirdi: “ Seminariya məzunlarının bəziləri dərsliklər tərtib etməklə, başqaları rus ədəbiyyatından tərcümələr etməklə məşğul olur, bəziləri də povest və romanlarda öz gücünü sınayır, bir hissəsi də özlərini tamamilə dramatik ədəbiyyata həsr edirdilər.” Onların böyük əksəriyyəti müəllimlik peşəsinə yiyələnərək ömrlərini xalqın maariflənməsi və təhsili, xalq kütlələri arasında elm və maarifin yayılması, savadsızlığın aradan qaldırılması işinə həsr etmiş və bu sahədə olduqca əhəmiyyətli işlər görmüşdülər.
F.Köçərli Zaqafqaziya müəllimlər seminariyasının tatar ( Azərbaycan-R.S.) bölməsini 1885-ci ildə bitirmişdir. O, Seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına müəllim təyin edilərək Azərbaycan dili və şəriyət fənlərindən dərs demişdir. Yeri gəlmişkən qeyd edirik ki, xalqımızın tarixən qədim torpaqlarından olan və orada yaşamış əhalinin böyük əksəriyyətini müsəlmanlar - azəri türkləri təşkil etdiyi İrəvan mahalında 1881-ci ildə üç mühüm hadisə baş vermişdir. İrəvan seminasiyası, İrəvan qimnaziyası və yeni tipli Uluxanlı məktəbi açılmışdır. İrəvan seminariyası və qimnaziyasında tədrisin rus dilində aparılmasına baxmayaraq, həmin tədris ocaqlarının ştat cədvəlində müsəlman dini üzrə şəriət dərsləri və Azərbaycan dili fənlərinin tədris edilməsi üzrə müvafiq müəllim ştat vahidi olmuşdur.Qafqazın ayrı-ayrı yerlərində, o cümlədən Kubanda və Kutaisi quberniyasında açılmış seminariyalardan fərqli olaraq, İrəvan müəllimlər seminariyasında Azərbaycan dili və müsəlman dini üzə şəriətin tədris edilməsi üzrə müvafiq ştat vahidinin olması heç də təsadüfü deyildir. Çünki, bu seminariya xalqımızın tarixən qədim torpaqlarından olan İrəvan mahalında yaradılmışdı və o zaman həmin mahalda yaşayan əhalinin böyük əksəriyyətini müsəlmanlar, azəri türkləri təşkil etmişdir.
İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri- Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş “Кавказский Календарь”-da dərc edilmiş müxtəlif illərə dair məlumatlara əsaslanaraq qeyd edirik ki, Firidun bəy Köçərli İrəvan qimnaziyasında 1885-ci ildən deyil, 1886-cı ildən etibarən 11 il müddətində-(1886-1896-cı illərdə) müsəlman dini üzrə şəriət müəllimi və azərbaycan dili müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir.“Kавказский Календарь”-da dərc olunan məlumata görə 1885-ci ildə İrəvan gimnaziyasında müsəlman dini üzrə şəriət və azərbaycan dili fənlərini Mirzə Elxanov tədris etmişdir. Firidun bəy Köçərli İrəvan qimnaziyasında pedaqoji fəaliyyətə 1886-cı ildən etibarən başlamışdır. 1895-ci ilin “Kавказский Календарь”-da qeyd olunan növbəti məlumata görə Firudin bəy Köçərli 1895-ci ildə İrəvan gimnaziyasında yalnız müsəlman dini üzrə şəriət, azərbaycan dili fənlərini deyil, həmçinin hüsnxətti də tədris etmiş, həmçinin gimnaziyanın pansionunda tərbiyəçinin köməkçisi kimi fəaliyyət göstərmişdir. Yeri gəlmişkən qeyd edirik ki, Firidun bəy Köçərli İrəvan gimnaziyasında işlədiyi vaxtlarda tədris olunan “Azərbaycan dili” fənninin proqramını da işləyib hazırlamışdır. Həmin proqramın tam mətni çağdaş Azərbaycan pedaqoji elminin sarvanı, akademik Hüseyn Əhmədov tərəfindən keçən əsrin 70-ci illərində İrəvan Dövlət Arxivində araşdırmalar apararkən aşkar edilmiş və proqramın mətni rus dilində olduğu kimi 2009-cu ildə pedaqoji jurnalda dərc edilmişdir.
Firudin bəy Köçərli 1897-ci ildən etibarən isə artıq məzunu olduğu Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsində müsəlman dini üzrə şəriət müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Onun Azərbaycan ədəbiyyatı tarixinə aid ilk əsərlərindən biri rusca yazılmış və 1903-cü ildə Tiflisdə dərc olunmuş 54 səhifəli «Литература Адербейджанских татар» (“Azərbaycan tatarlarının ədəbiyyatı” ) kitabıdır. Həmin əsər hazırda M.F.Axundov adına Milli Kitabxanada qayğı ilə qorunub saxlanılır. F.Köçərli 1911-ci ildə “Mirzə Fətəli Axundov”, 1912-ci ildə “ Balalara hədiyyə” kitablarını nəşr etdirmişdir. Tanınmış ədəbiyyatşünas pedaqoq, ictimai xadim F. Köçərli həyatı boyu Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid materiallar toplamış və həmin materialları tədqiq etmişdir.Xalqımızın digər ədəbiyyatşünas alimi, tənqidçi, yazıçı, tərcüməçi, Əməkqar elm xadimi- Əziz Şərif 1972-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc etdirdiyi “ Firidun bəy Köçərli və onun arxivi” adlı məqaləsində Firidun bəy Köçərlinin uzun illər boyu topladığı materiallara qiymət verərək qeyd edirdi: ”...Burada nələr var idi! Molla Nəsrəddin, Sabir, Səhhət, İsmayıl bəy Qaspirinski, Ömər Faiq, Əli Mərdan bəy Topçubaşov, Salman Mumtaz və daha kimin yüzlərlə məktubu...Firidun bəyin arxivi XX əsr ictimai həyatımızın güzgüsüdür, bu dövrdə yaşayan bir nəfər də ictimai və mədəni xadim yoxdur ki, burada onun izi olmasın...Hələ XVII-XIX və daha qədim əsrlərə aid materiallar öz yerində. Burada Vaqıf haqqında Mirzə Fətəli Axundovun əlyazması da var idi...Biz gecə saat birə qədər oturduq. Bu bir neçə saatın içərisində mən sandıqdakı materialın ancaq azacıq bir hissəsini gözdən keçirə bildim.”
Firudin bəy Köçərlinin azərbaycanca və rusca yazıb nəşr etdirdiyi məqalələr, kitablar bu gün də əhəmiyyətini itirməmiş, cəmiyyətimizdə maraqla oxunur, tədqiq edilir və yüksək qiymətləndirilir. Qeyd edirik ki, Firidun bəyin vaxtsız ölümündən sonra Azərnəşr 1925-1926-cı illərdə onun dörd iri cilddən ibarət olan və bu gün də öz əhəmiyyətini itirməyən materiallarını çap etmişdir.
Firidun bəy Köçərli pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq rus dilindən tərcümələr etmişdir. O, Puşkin, Lermontov və Koltsovdan bir sıra kiçik şerlər tərcümə edərək dərs kitablarına daxil etmişdir. Onun A.S.Puşkinin” Torçu və balıq”, M.Y. Lermontovun “Üç xurma ağacı”,A.V.Koltsovun “A kişi niyə yatıbsan?! kimi şerlərini tərcümə edərək şagirdlərin diqqətinə çatdırması uşaqların rus ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə tanış olması istiqəmətində onun tərəfindən atılmış əhəmiyyətli bir addım kimi qiymətləndirmək mümkündür. Qeyd edirik ki, Firidunbəy Köçərlinin yaradıcılığında əsas yeri “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsəri tutur. Firidun bəy Köçərlinin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də ZMS Azərbaycan bölməsinin Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə köçürməsi, onu müstəqil seminariyaya çevrilməsində bilavasitə yaxından iştirak etməsi olmuşdur.
Firidun bəy Köçərli 1918-ci il fevralın 14-dən mayın 27-dək Zaqafqaziya Seyminin müsəlan fraksiyasının, 1918-ci il mayın 27-dən fasilələrlə dekabrın 7-dək olan müddətlərdə Azərbaycan Milli Şürasının üzvü olmuşdur. Zaqafqaziya Seyminin müsəlan fraksiyasının 1918-ci il martın 16-da keçirilmiş ilk müstəqil iclasında “Musavat” partiyası və demokratik bitərəflər qrupundan Firidun bəy Köçərli Seymin kitabxana komissiyasına seçilmişdir.
1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişinin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirilir.Həmin iclasda Azərbaycanın müstəqil dövlət elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında qərar qəbul edilir. Xalqımız üçün tale yüklü həmin tarixi iclasda, İstiqlal Bəyannaməsinin qəbul edilməsində Firidun bəy Köçərli də iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının azadlıq hərəkatının yekunu kimi meydana gəlmişdi.Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yarandığı ilk vaxtdan etibarən xalq maarifi və mədəniyyətinin inkişafı məsələlərinə xüsusi diqqət yetirirdi.Çünki,çar Rusiyası hökuməti əvvəlki dövrlərdə özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, ölkədə zorla ruslaşdırma siyasətini yeritmiş, təhsili əsasən rus diində apararaq milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllər törətmiş, ixalqın maariflənməsi işinə çox az qayğı göstərmişdir.Keçmiş çar Rusiyası Hökumətinin uzun illər xalqımızın təhsilə olan ehtiyaclarına belə biganə münasibəti geniş müsəlman əhalisində hökumət məktəblərinə qarşı inamsız münasibət yaratmışdır.Yürüdülmüş bu cür siyasət müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdur.Azərbaycan Xalq Maarif Naziri N. Yusifbəyli 1918-ci ilin dekabrında Bakı qubernatoruna göndərdiyi məktubda qeyd edirdi:”...həmin hökumətin ucbatından Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac vardır...Ölkənin gələcək taleyi bu işlərin müvəffəqiyyətindən çox asılıdır.”
Dövrün tanınmış maarif xadimi, görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin qardaşı Abdulla bəy Əfəndiyev Parlamentin 26 dekabr 1918-ci il tarixli 5-ci iclasındakı çıxışında mövcüd vəziyyəti belə qiymətləndirmişdir: “...Tədris ibtidai, ümumi, məccani(pulsuz) və məcburi olmalıdır.Azərbaycan Cümhuriyyətinin maarifə olan ehtiyacını və başqa ehtiyacatın fövqindədir.Ümum fəlakətlərin birinci səbəbi maarif yoxluğudur...Şimdiki məktəblər mümkün olduqca tez bir zamanda milliləşdirilməlidir.”
Respublikamızda təhsilin geniş yayılmasına nail olmaqdan ötrü ilk növbədə Respublikada yaşanan müəllim qıtlığı probleminin həll edilməsi istiqamətində təxirə salınmadan tədbirlər görülməli idi.Bu baxımdan Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi Milli hökumətin qarşısında dururdu. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S.) bölməsinin Qazaxa köçürülməsi üçün F.X. Xoyskinin sədrlik etdiyi Azərbaycan hökumətinin 22 iyun 1918-ci il tarixli qərarı ilə ZMS Azərbaycan bölməsinin keçmiş inspektoru F.Köçərlinin sərəncamına 5 min rubl pul ayrılır. Beləliklə, bilavasitə Firidun bəy Köçərlinin səyi və təşkilatçılığı ilə Azərbaycan bölməsi Qazaxa köçürülür, müstəqil seminariyaya çevrilərək burada fəaliyyətini davam etdirir. Xalq Maarif Naziri N. Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39 №li əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firudun bəy Köçərli 1918-ci il oktyabrın 1-dən Qazax Müəllimlər Seminariyasının direktoru təyin edilir.
Firidun bəy Köçərli 13 oktyabr 1918-ci il tarixli “Аzərbaycan” qəzetində dərc etdirdiyi “Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi haqqında ”məqaləsində yazırdı: “1918-ci ilin əvvəllərində Qazax şəhərinin müsəlman əhalisi və bəzi kənd icma nümayəndələri tədris dairəsi qarşısında...tatar bölməsinin Qori şəhərindən Qazax şəhərinə köçürülməsi barədə məsələ qaldırıb ərizə ilə müraciət edərək vəd etmişlər ki, seminariyanın tikilməsi üçün bağ-bağça və 10 desyatin suvarılan torpaq, 3000 rubl məbləğində birdəfəlik yardım və hər il 1000 rubl borc pul ayıracaqlar. Bu məsələ Azərbaycan hökumətinin 10 iyun 1918-ci il tarixli iclasında müzakirə edilərək qazaxlıları qane edəcək qərar qəbul edilmişdir. Tatar (Azərbaycan-R.S.) bölməsinin əmlakının daşınıb-gətirilməsi Xalq Maarif Naziri tərəfindən bölmənin inspektoruna
həvalə edilmişdir ki, bu da onun tərəfindən yerinə yetirilmişdir.
Qazax Müəllimlər Seminariyası kimi vacib bir məktəbin açılması bütün qəza üçün böyük əhəmiyyət kəsb etdiyindən inanırıq ki, ziyalılar başda olmaqla yerli əhali bu təhsil ocağının gələcək fəaliyyətini təmin etməkdən ötrü əllərindən gələn köməkliyi əsirgəməyəcəkdir.Biz şübhə etmirik ki, bütünlüklə seminariyanın yetirmələrindən ibarət olan yerli administrasiya tərəfindən də bu təhsil ocağına xüsusi qayğı göstəriləcəkdir.”
Gürcüstanın mərkəzində mövcüd olduğu 39 il ərzində seminariyanın yetirmələri tədris dairəsi rəhbərlərinin yürütdükləri ruslaşdırma tendensiyasına baxmayaraq, istər inqilab, istərsə də böyük çevriliş günlərində sınaqlardan şərəflə çıxaraq Vətəninin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşdular.
Qazax Müəllimlər Seminariyasının direktoru F.Köçərli 1919-cu il martın 20-də Dövlət Müfəttişliyi İdarəsinin direktoruna 80№li məlumatı məktub göndərərək Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S.) şöbəsinin 1918-ci il iyunun 20-də müstəqil müəllimlər semnariyasına çevrilməsi, şöbənin mülkünün 1918-ci ilin sentyabrında onun tərəfindən Qori şəhərindən Qazax şəhərinə daşınması, orada çalışacaq qulluqçu heyətinin komplektləşdirilməsi və təsdiq olunmaq üçün Xalq Maarif Nazirliyinə şəxsən təqdim etməsi barədə məlumat vermişdir.
Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin 28 oktaybr 1918-ci il tarixli əmri ilə həmin heyət təsdiq edilmiş və əmrə uyğun olaraq, oktyabrın 20-dən etibarən aşağıdakı şəxslərə Qazax Müəllimlər Seminariyasında müəllimlik etməyə icazə verilmişdir:
-İsfəndiyar bəy Vəkilov-rus dili və təbiyyət elmləri.
-Yusif Qasımov – tarix fənləri
-Əli Hüseynov – tarix və coğrafiya
-Məhəmməd Hüseynzadə - riyaziyyat
-İbrahim Əfəndi Qayıbov – ana dili
Qazax Müəllimlər Seminariyasının açılışı 1918-ci il noyabrın 10-da keçirilmiş və bu təhsil ocağında dərslər həmin gündən etibarən başlamışdır. Seminariyanın açılışında yerli komendant Səbri bəy, qarnizon rəisi Camal bəy, qəza rəisi Şıxlinski, xalq məktəbləri müfəttişi Qiyasbəyov, ali-ibtidai məktəb müfəttişi Mustafayev, yerli hökumət idarələrinin məmurları, şəhərin fəxri sakinləri, yeni qəbul olunmuş şagirdlərin valideynləri və s. iştirak etmişdilər.
Açılışda toplaşanları salamlayan Qayıbzadə Əfəndi İbrahim müəllim öz çıxışında gənc dövlətin pedaqoji təhsilə böyük ehtiyacı olduğunu qeyd etmişdir.
Mərasim iştirakçısı Səbri bəy seminariyaya yeni daxil olmuş şagirdlərə müraciət edərək onları və Qazax cəmiyyətini bu təhsil ocağının açılışı münasibətilə təbrik etmiş və müəllimlərin cəmiyyətdəki roluna yüksək qiymət verərək qeyd etmişdi: “Təmənna güdməyən, zəhmətkeş müəllimləri olmayan millətin xöşbəxt, güclü və qüdrətli olması mümkün deyildir”.
Səbri bəyin ardınca toplantıda iştirak edən şagirdləri Camal bəy təbrik edərək onları Vətən naminə məhsuldar çalışmağa səsləmişdi. Eyni zamanda, gənc tələbələrə xatırlatmışdı ki, Vətən təkcə iti qılıncla deyil, elmi cəhətdən inkişaf etmiş ağılla da müdafiə edilir ki, o da məktəbdə yetişdirilir. Odur ki, onlara təhsil almaqda fədakarlıqla çalışmaqlarını dilədi.
Seminariyanın direktoru F.Köçərli açılışda söylədiyi nitqdə qeyd etmişdir ki, seminariyanın Gürcüstanın mərkəzində, özgə zəmində və müsəlman aləmindən uzaqlarda yaradılmasına baxmayaraq, çox böyük əhəmiyyəti olmuş, mövcudluğu dövründə xalq məktəblərində işləməkdən ötrü Qafqaz müsəlmanlarına çoxlu sayda müəllimlər hazırlamışdır. Vətəndən ayrı düşmüş, müsəlman gəncləri milliliyinin təmizliyini və toxunulmazlığını qoruyub saxlaya bilmişlər. İndi müstəqil seminariyaya çevriləcək doğma diyarına, Qazaxa köçürülmüş tatar (Azərbaycan-R.S.) bölməsi xalqın mənəvi geriliyinin aradan qaldırılması yolunda mühüm amillərindən birinə çevriləcək bu yolda var qüvvəsi ilə çalışacaqdır.
ZMS Azərbaycan bölməsi mövcüd olduğu 39 il müddətində Azərbaycan məktəbi üçün 250-ə yaxın müəllim-Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Şıxlinskilər və b. hazırlamışdır ki, onlar da öz növbəsində Azərbaycan Milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynamışlar. Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mədəniyyətinin inkişaf etdirilməsində, təhsilin milli köklər üzərində yenidən qurulmasında, məktəb islahatlarının aparılmasında və ana dili dərsliklərin hazırlanmasında vaxtilə ZMS Azərbaycan bölməsini bitirmiş məzunlar, o cümlədən Firidun bəy Köçərli yaxından iştirak etmişdir. Görkəmli pedaqoq Firidun bəy Köçərlinin təhsilin milli köklər üzərində qurulması işlərinə və Qazax Müəllimlər Seminariyasına bağlılığını və sadiqliyini təsdiq edən və örnək ola biləcək bir tarixi faktı oxucuların diqqətinə catdırıram. Azərbaycan Parlamentinin 25 yanvar 1919-cu il tarixli iclasında maraqlı və aktual bir məsələ- eyni zamanda dövlət qulluğunda vəzifə daşımaqla yanaşı Parlamentin üzvü rütbəsinin daşınması haqqında qanun layihəsi müzakirəyə çıxarılmışdır. Həmin qanunlayihəsində qeyd edilirdi ki, Nazirlərdən savayı dövlət qulluğunda olan bütün şəxslər eyni zamanda Parlamentin üzvü rütbəsini daşıya bilməzlər.Buna müstəsna hal olaraq Bakıdakı professor və müəllimlərə, habelə sərbəst peşə sahiblərinə, advokat və həkimlərə icazə verilirdi.Belə ki, onlar sanki bir tərəfdən dövlət qulluğundadırlar, digər tərəfdən hökumət məmuru deyildirlər.Dövlət qulluğunda və eyni zamanda Parlamant üzvü olan başqa şəxslər ya qulluğu və yaxud Parlamenti tərk etməli idilər.Bundan ötrü Bakıda yaşayanlar üçün 3 gün, Bakıdan kənarda yaşayanlar üçün isə 10 gün müddətində vaxt verilirdi.Bu qanunun məqsədi qanunvericilik hakimiyyətinin icra hakimiyyətindən ayırmaq idi. Parlamentin 25 yanvar 1919-cu il tarixli qanununa görə məbuslara Hökumət qurumlarında vəzifə tutmalarına icazə verilmirdi. Parlamentin 4 fevral 1919-cu il tarixli iclasında, iclasın sədri-doktor Həsən bəy Ağayev Təhsil- maarif sahəsində məmur vəzifəsində çalışan Qazax müəllimlər seminariyasının direktoru Fridun bəy Köçərlinin öz xidmətində daimi qalaraq məbusluqdan istefa verdiyini bildirmişdi.
Azərbaycanda təhsilin, maarif və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan iştirak etmiş və Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində əhəmiyyətli yer tutmuş şəxslərdən biri olan Firidun bəy Köçərlinin xatirəsi bu gü də xalqımız qəlbində yaşayır, dərin hörmət və ehtiram hissi ilə yad edilir. Yetişməkdə olan nəsil onun həyat və yaradıcılığını dərindən öyrənilməli və tədqiq edilməli, özlərinin elmi-pedaqoji biliklərinin artırılmasında onun zəngin yaradıcılığından səmərəli istifadə etməlidirlər. Firidun bəy Köçərlinin yaradıcılığının tədqiq edilməsinə ehtiyac vardır. Görkəmli pedaqoq Firidun bəy Köçərlinin zəngin pedaqoji irsi və müəllimlik peşəsi ilə bağlı fikirləri xalqımızın məktəb və pedaqoji fikir tarixinin şanlı səhifələrindəndir, olduqca əhəmiyyətli və unudulmazdır.
Fotolar Azərbaycan Respublikası Kino-Foto sənədlər Arxivindəndir.
Rafiq Səfərov, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin baş məsləhətçisi