Quru qidalar uşaq orqanizmi üçün əsl təhlükə mənbəyidir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ötən il ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib. Bunu AQTA sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, ötən il Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxlama həyata keçirilib.
AQTA sədri yoxlamaların statistik nəticələrini açıqlayıb, planlı, plandankənar yoxlamalar, tərtib edilən protokollar, inzibati cərimələr, xəbərdarlıq, şərti cərimələr haqqında məlumat verib. Lakin bunların nə qədərinin məktəbəqədər təhsil müəssisələrinə, orta məktəblərə aid olduğu bilinmir. Görünənsə budur ki, valideynlər məktəb bufetlərindən, uşaq bağçalarında verilən qidalardan razı deyillər.
Təhsil eksperti Nabatəli Qulamoğlu «Şərq»ə açıqlamasında bildirdi ki, məktəblinin təhsildəki uğurları qidalanmadan birbaşa asılıdır:
“Təəssüf ki, bizim orta məktəb yeməkxanalarında quru qidalar üstünlük təşkil edir. Müxtəlif hazır kökələr, tərkibi müəmmalı şirniyyatlar, kekslər, konservantlı və rəngləndiricili «meyvə şirələri». Bu qidalar da məktəblinin sağlam inkişafını heç bir halda təmin edə bilməz. Quru qidalar uşaq orqanizmi üçün əsl təhlükə mənbəyidir. Mədə-bağırsaq sistemi pozğunluğuna yol açır. Mədə-bağırsaq pozğunluğu varsa, beyin normal işləyə bilməz. Bu da şagirdin fənləri qavramasına mane olur. Qida sağlam olmalıdır ki, orqanizm də sağlam olsun, nəticə etibarilə biliklərə yiyələnmə də mümkün olsun. Problem bundadır km, məktəb bufetlərinə nəzarət hələ də öz həllini tapa bilməyib. Məktəblilərin qidası ciddi yoxlanmalıdır. Bəzən azyaşlı uşaqlar, məktəblilər arasında, hətta ali məktəb tələbələri arasında da zəhərlənmə faktları qeydə alınır. Bunun bir səbəbi də qidaların keyfiyyətinin yoxlanmamasıdır. Məsələn, Türkiyədə kiçikyaşlı məktəblilərə süd verilir. Bizdə də sovet vaxtı bu vardı. Həqiqətən də süd uşağın inkişafı üçün çox lazımlıdır. Bunu bizdə də edə bilərlər. Məktəblər süd məhsulları istehsal edən şirkətlər, müəssisələrlə müqavilə bağlayar, hər gün məktəbi təzə südlə təmin edərlər. Türkiyədə belədir. Orada müstəqil istehsalçılar və ixracatçılar birlikləri fəaliyyət göstərir. İxracatdan əlavə yerli istehlaka da önəm verirlər. Təkcə istehsal və ixraca deyil, yerli səviyyədə istehlaka diqqət ayırırlar. İstehsalçının marağındadır ki, istehsal etdiyi məhsul ölkə daxilində də öz yerini tutsun. Bir ara, məktəblilərə süd paylanması məsələsi gündəmə gəldi, lakin həllini tapmadı.
Mütəxəssislər bildirir ki, məktəblilərin qida rasionu yaş həddi və qavrama qabiliyyətinin artırılmasına əsaslanır. Məktəbli elə qidalar qəbul etməlidir ki, sağlamlığına ziyan deyil, əksinə, müsbət təsir etsin, həzm sistemini yaxşı çalışdırsın, vitaminlərlə zəngin olsun və nəticə etibarilə uşağın sağlam fiziki inkişafını, eyni zamanda biliyi mənimsəmə qabiliyyətini artırmağa yönəlsin.
Bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi də ölkə məktəblilərin hansı qidaya üstünlük verdiyini araşdırmışdı. Məlumatda bildirilirdi ki, mərkəzin keçirdiyi sorğu 25 məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb daxilində fəaliyyət göstərən yeməkxanaların əməkdaşları arasında keçirilmişdi.
Sorğu nəticəsində şagirdlərin peçenye-biskvit (501 nəfər) və kolbasa-sosiska çörəyə (450 nəfər) daha çox üstünlük verdikləri məlum olmuşdu.
Uşaqlardan 512 nəfər dərsə özü ilə su gətirdiyini bildiribmiş. Sorğuda meyvə cavabını verən uşaqların sayı isə 4,3 faiz olmuşdu və bu da çox aşağı göstərici hesab edilir”.