“Hər bir vətəndaş təhsil müəssisələrinin nə zaman açılması barədə dəqiq tarixin səsləndirilməsini istəyir. Amma indiki dövrdə təhsil müəssisələrinin açılması barədə danışmaq tezdir”.
"Sherg.az"ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, şagirdlərə dərs proqramı bu və ya digər formada çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac yoxdur:
“Yəqin ki, tədris ili vaxtında başa çatacaq. Canlı olmasa da, proqramlar şagirdlərə çatdırılır. Mart ayında teledərslərə start verməklə dünyada ilklərdən olduq. Teledərslərlə proqramda olan boşluqları aradan qaldırmaqla tədris ilini vaxtında yekunlaşdıracağıq.
Şagirdlərin evdə dərslərlə məşğul olub-olmadığını bilmirik. Bu isə artıq valideynin məsuliyyətidir”.
M.Vəliyeva qeyd edib ki, koronavirus pandemiyası yalnız Azərbaycanda deyil, bütün dünyada təhsil sisteminə mənfi təsir göstərib:
“Ölkəmizdə ümumtəhsil sahəsində 1 milyon 600 min şagird, 100 minə yaxın tələbə və təhsil işçiləri təhsildən kənarda qalıblar”.