Gürcüstandakı azərbaycanlı müəllimlər üçün test bankı hazırlanacaq


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze, həmçinin hər iki tərəfin rəhbər şəxsləri arasında onlayn konfrans formatında görüş keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə Anlaşma Memorandumunun imzalanmasına dair məmnunluq qeyd olunmaqla sənəddə qeyd edilən aşağıdakı əməkdaşlıq istiqamətləri üzrə əldə olunan nəticələr müzakirə edilib və növbəti fəaliyyət planı nəzərdən keçirilib:

1. DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə İxtisas imtahanı üzrə qiymətləndirmə alətinə dair test bankının hazırlanması.

2. MQİM tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci siniflər) istifadə etdiyi test tapşırıqlarının ekspertizası;

Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə İxtisas imtahanı üzrə qiymətləndirmə alətinin tədbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı diferensial əmək haqlarının müəyyən edilməsində istifadə olunacaqdır (hal-hazırda bu diferensial əmək haqqı sistemi qiymətləndirmə aləti olmadığından Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün şamil olunmur).

Əməkdaşlığa dair növbəti fəaliyyət planına əsasən aşağıdakı istiqamətlər müəyyən edilib. 

- MQİM tərəfindən Azərbaycan məktəblərində Gürcü dili üzrə qiymətləndirmə alətlərinin hazırlanması üçün onlayn təlimin təşkili;

- DİM tərəfindən Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycanlı müəllimlər üçün video dərs vəsaitləri, həmçinin təlim nəticələrinin yoxlanması üçün qiymətləndirmə imkanları ilə təminat;

- DİM və MQİM tərəfindən müxtəlif sahələrdə ingilis və ya rus dilində olan yoxlama-ölçmə materiallarının mübadiləsi;

- DİM və MQİM arasında mütəmaddi olaraq brifinq xarakterli videokonransların təşkili və təcrübə mübadiləsinin davam etdirilməsi.

Görüş zamanı həmçinin pandemiya dövründə keçirilən imtahanların xüsusiyyətləri ölkə təcrübəsi və mövcud həll yolları istiqamətində təcrübə mübadiləsi aparılmışdır və DİM tərəfindən həyata keçirilən profilaktik tədbirlər yüksək qiymətləndirilib.