Övladı imtahan verəcək valideynlərin DİQQƏTİNƏ ! - “Bu fikirlərə qulaq asmayın!” 

“Bu sahə ilə əlaqəsi olmayan insanların fikirlərinə qulaq asırlar. Nəticədə xaotik vəziyyət yaranır”

“Sonra da deyirlər ki, gəlin çıxaq bununla bağlı hər hansı bir aksiya keçirək”

“Məsələ ilə bağlı izahat verilib, tədbirlər görülüb. Həmin tədbirlər tam həyata keçərsə, gərginliklər də az olacaq”  






Son günlər ölkəmizdə karantin rejiminin elan olunması valideynlərin və abituriyentlərin narahatlığına səbəb olub. Abituriyentlər arasında xaotik durum yaranıb.  İndiki məqamda valideynlərin övladları ilə necə davranması da  olduqca vacibdir. 

Psixoloq Elnur Rüstəmov “Sherg.az”a açıqlamasında bildirib ki, mövcud proses tək abituriyentin özündən qaynaqlanmır. Prosesdə valideynlərin də gərginliyi var. 

Onun sözlərinə görə, bu gərginliklərdən ən böyüyü valideynlərin və abituriyentlərin rəsmi qurumun durumla bağlı mövqeyini, dedikləri fikri dinləməməsidir:

“İstər Təhsil Nazirliyi, istər DİM bununla bağlı brifinq keçirdilər və suallara cavab verdilər. Qeyd olundu ki, bu il mart ayına qədər dərs olub və bu, qəbul prosesində nəzərə alınacaq. 
Eyni zamanda nazirlik tərəfindən lazımlı güzəştlər edildi. Sadəcə, valideynlərin və abituriyentlərin bir qismi bu məlumatları oxumadıqları və ya dinləmədikləri üçün məcbur olurlar dezinformasiyaları oxuyurlar, bu sahə ilə əlaqəsi olmayan insanların fikirlərinə qulaq asırlar. Nəticədə xaotik vəziyyət yaranır. Sonra da deyirlər ki, gəlin çıxaq bununla bağlı hər hansı bir aksiya keçirək. Məsələ ilə bağlı izahat verilib, tədbirlər görülüb. Həmin tədbirlər tam həyata keçərsə, gərginliklər də az olacaq”.  



Psixoloq qeyd edib ki, yaxşı hazırlaşan abituriyentlər qismən rahatdırlar:

“Yaxşı hazırlaşmayan abituriyent isə narahatdır və istəyir ki, narahatlığını başqa formada qabartsın. Məsələn, imtahandan keçə bilməyəndə özünü sığortalaya bilsin. Abituriyentlərin imtahana psixoloji hazırlıq məsələsi, valideynlərin onlarla bərabər psixoloji tarazlığın qorunmasının rahat həll yolu var. Nəzərə almaq lazımdır ki, Təhsil Nazirliyi tərəfindən virtual məktəb yaradıldı.

Orada da abituriyentlərin psixoloji hazırlığına dair məlumatlar yer alıb. Lakin deyirlər ki, hər kəs onlayn sistemdən istifadə edə bilmir. Amma reallığa qalanda görürük ki, əksəriyyət adamda telefon var. İnanmıram ki Azərbaycanda hansısa ailədə ən azı bir ədəd mobil telefon və internetə çıxış olmasın. Sadəcə bunu bəhanə edirlər. Məsələn, evdə atada telefon varsa, dərs müddətində oxumaqdan söhbət gedirsə, ata rahatlıqla telefonu övladına verəcək.

Ona görə bir az reallığa söykənmək lazımdır. Pandemiya tək bizlə bağlı deyil. Bütün dünyada məktəbli, təhsil işçiləri və digər şəxslər əziyyət çəkir. Amma bu durumdan sui-istifadə etmək doğru deyil. Rəsmi qurumlar qaydaları izah ediblər, sadəcə bu qaydaların icra edilməsi qalıb”.