“Təhsil Nazirliyi tərəfindən yaz imtahan sessiyasının başlaması ilə əlaqədar ali təhsil müəsisələrinə tapşırıq verilib ki, sosisal həssas ailələrdən olan tələbələr imtahana buraxılsın”.
Bunu Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova deyib. O, bildirib ki, tələbə təhsil haqqı ilə bağlı müraciət edibsə, bu sistemdə varsa, o, imtahana iştirak edə bilər:
“Belə tələbələrə dövlət tərəfindən 40 milyon manat ayrılıb. İlkin hesablamalara görə, 20 minə yaxın tələbə əhatə olunacaq və onların təhsil xərci dövlət tərəfindən ödəniləcək”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə bu barədə “Sherg.az”a danışarkən bildirib ki, ana dilində ali təhsil tamamilə pulsuz olmalıdır:
“Artıq bunun zamanı yetişib. Avropa ölkələri çoxdan bu tendensiyaya başlayıblar. Almaniya hələ 7-8 il əvvəl hesablamar aparmışdı və məlum olmuşdu ki, tələbələrə bu cür güzəştlər edilməsi əslində hökumətə fayda verir. Çünki nəticədə Ümumdaxili məhsul (ÜDM), iqtisadi artım tempi daha da artır, cəmiyyətə yarralı kadrların sayı çoxalır. Əlbəttə, sözügedən trendə birdən-birə qoşulmaq mümkün deyil. Fəqət mərhələli şəkildə həyata keçirə bilərik. İlk növbədə dövlət ali təhsil müəssisələrində ana dilində təhsil pulsuz olmalıdır. Xarici dillərdə oxumaq istəyənlər üçün isə ödəniş nəzərdə tutula bilər”.
N.Cəfərlinin fikrincə, ancaq bu yolla məsələni kökündən həll etmək mümkündür:
“Əgər ana dilli təhsil tamamilə pulsuz olsa, tələbələri kateqoriyalara bölməyə də ehtiyac qalmaz. Yəni problem avtomatik olaraq aradan qalxar. Belə ki, bizdə statistik göstəricilərin hesablanmasında ciddi problemlər var. Çox vaxt bu rəqəmlər həqiqəti əks etdirmir. Hətta dövlət başçısı da qeyd etdiyim məsələ haqqında dəfələrlə tənqidi fikirlərini bildirib. Təkcə bir faktı deyim-mart ayında 90 min işsiz insanın olduğunu demişdilər. Halbuki sonradan bu rəqəmin 600 minə yaxın olduğu ortaya çıxmışdı”.
İqtisadçı, həmçinin vurğulayıb ki, ana dilli ali təhsilin pulsuz olması tam real məsələdir:
“Biz keçən il bu məsələ ilə bağlı imza kampaniyası keçirdik. Çox müsbət nəticə verdi. Əgər o vaxta kimi 12 min tələbə pulsuz təhsil alırdısa, təşəbbüsümüzdən sonra təxmən iki dəfə çox tələbə, daha dəqiq desəm, 20 min 100 tələbənin ödənişsiz təhsil almaq hüququ oldu. Dövlət universitetlərində ana dilli təhsilin pulsuz olmasından ötrü 130-140 milyon manat vəsaitə ehtiyac var. bu isə Azərbaycan hökuməti üçün o qədər də böyük məbləğ deyil”.