“Laboratoriyalar yoxdur. Şagirdlər isə daha çox əzbərlə deyil, real olaraq başa düşmək istəyirlər”
“Başqa regionda yaşayan bir şagirdin adını məktəbə yazdırıb, onun özünü görməmək, həmin şagirdin ali məktəbə yüksək balla daxil olması kimin uğurudur?!”
“Həm də məktəb rəhbərliyi, təhsil şöbə müdirləri və əməkdaşları ilə çoxlu sayda çətinlik yaranır”
“Gah direktor pul istəyir, gah direktor müavini dərs cədvəlini pulla qurur, gah təhsil şöbəsi haqsızlıq edir, gah da əməkdaşları yoxlama adı ilə pul alırlar. Hansı ilə mübarizə aparasan?!”
“Müəllim o deməkdir ki, vətəndaş yetişdirirsən. Sabahın vətəndaşı səndən asılıdır. Bu, başa düşən üçün çox məsuliyyətlidir”
“Öyrətmək qədər gözəl heçnə yoxdur. Öyrənib öyrədək, vəssalam…”
“Kənddə gələcək yetişdirənlər” rubrikamızın növbəti qonağı Məmmədov Elşən Ramiz oğludur. Elşən Ramizoğlu Sumqayıt Dövlət Universitetin “Kimya müəllimliyi” ixtisasını bitirib.
Hazırda Bərdə şəhər S.Behbduov adına 6 nömrəli tam orta məktəbdə tərbiyə işlər üzrə direktor müavini işləyir. 4 il pedaqoji sistemdə çalışan Elşən Ramizoğlu əvvəllər Bərdə şəhər Kətəlparaq və S.Xudaverdiyev adına Kürdborakı kənd tam orta məktəblərində kimya müəllimi kimi fəaliyyət göstərib.
“Sherg.az” olaraq müsahibimizin işinin çətin, həmçinin zövqlü tərəfləri, pedoqoji fəaliyyəti, son günlər təhsil sistemimizdə baş verənlər barədə həmsöhbət olduq.
-Kimyadan əlavə hansı məşğuliyyətləriniz var?
-”Rubin.az” informasiya agentliyinin təsisçiyəm. Kitab oxumağı çox sevirəm. Özünüzdə bilirsiz ki, xəbər oxumaq, yazmaq, yerləşdirmək bir qədər vaxt alır.
-Dərs deyəcəyiniz müddət ərzində elmə, təhsilə nə kimi təşəbbüslər gətirməyi düşünürsünüz?
-Bu yaxınlarda Təhsil Nazirliyinin “IV QRANT” layihəsi üçün müraciət etmişəm. Qalib olsam, gözəl bir layihə olacağını düşünürəm. Layihənin “Virtual Təhsil xidməti”ni yaratmaq istəyirik. Burada bütün sənəd növləri olacaq. Pedaqoji sistemdə sənəd nümunələri çox lazımdır. Həmçinin müəllimlər, valideynlər üçün onlayn müraciət növü olacaq. Bəzən insanlar çarəsiz qalır, hara, necə müraciət edəcəyini bilmirlər. Bu zaman bizə müraciət edəcəklər. Müraciətdə hüquqi yardım da ola bilər, hər hansı çətinlik də.
Bu layihəyə könüllü müəllimlər də qoşulacaq. Komanda olaraq təhsilə dəstək vermək fikrimiz var. Təhsil Nazirliyinin “III QRANT” layihəsində qalib olmuşam. Bir çox məktəblərimizdə kimya fənni üzrə laboratoriyalar yoxdur. Şagirdlər isə daha çox əzbərlə deyil, real olaraq başa düşmək istəyirlər. Biz kimyadan 5 təcrübələrin animasiyasını hazırladıq. Düzdür, az təcrübədir. Ancaq ayrılan məbləğ buna bəs etdi. Gələcəkdə bu layihəni davam etdirməyi düşünürəm.
-Kimya mühəndisliyi fakültəsi məzunları üçün nə kimi imkanlar mövcuddur?
-Yeni qaydalara görə artıq mühəndis fakültəsini bitirən şəxslər də kursdan keçərək müəllim işləmək imkanı qazancaqlar. Bu, çox müsbət haldır. İnanıram ki, həmin şəxslərin iş tapmaq imkanı daha çox olacaq.
-Bərdədə çalışırsız. Ümumiyyətlə, rayon yerində müəllimliyin çətin tərəfləri varmı?
-Bərdə rayonunda o qədər çətinlik olmur. Şəxsi amilləri çıxsaq, ümumi hallarda çətinliklər baş vermir. Bərdədə kəndlərə gedilən yollarda çətinlik minumuma endirilib. Həmçinin ən ucqar kəndlərə belə marşrut çəkilib. Ancaq bir çox kəndlərin məktəblərində vəziyyət heç ürəkaçan deyil. Qışda bəzi çətinliklər yaranır. Soyuq, odun peçinin tüstüsü - bunlar yadda nə qədər şirin xatirə kimi qalsa da, çətinlikdir.
-Rayon yerində təhsilin səviyyəsini qənaətbəxş hesab edə bilərikmi?
-Rayonda təhsilin səviyyəsini kəmiyyət və keyfiyyət baxımından düşünək. Kəmiyyət olaraq qənaətbəxş qiymətləndirmək olar, keyfiyyət baxımından isə biraz qəliz məsələdir. Başqa regionda yaşayan bir şagirdin adını məktəbə yazdırıb, onun özünü görməmək, həmin şagirdin ali məktəbə yüksək balla daxil olması kimin uğurudur? 9-cu sinifdən etibarən şagirdlər repititorluğa başlayırlar.
Sanki məktəbi unudurlar. 10-11-ci sinif şagirdinin davamiyyətini də yəqin hamımız bilirik. Deməyə ehtiyac yoxdur. Yaxşı ki,”yoxlamalar “gəlir, həmin ərəfədə davamiyyət müsbət olur(gülür). Bəzən belə məqamlarda direktorları da qınamıram, şagirdə icazə vermirsən, gedir başqa məktəbə “adını yazdırır”. Təsəvvür edin ki, indiyəcən şagirdi yetişdirirsən, sonra başqa məktəbə gedib, universitetə qəbul olur, həmin məktəbin uğuru sayılır. Sən əkdiyin ağacın barını başqası yeyir. Qayıdıb o sualı sizə verirəm, sizcə qənaətbəxşdirmi?...
-Xeyr !
-Sizin üçün peşənizin gözəl tərəfləri nədir?
-Müəllimlik azad bir peşədir. Müəllim o deməkdir ki, vətəndaş yetişdirirsən. Sabahın vətəndaşı səndən asılıdır. Başa düşən üçün çox məsuliyyətlidir. O vətəndaşı müstəqil həyata sən buraxırsan. Burda bilik öyrədilir. Biliklə kifayətlənmək olmaz, sənin övladların olur. Şagirdlərin güvənəni qazana bilsən, onlar üçün arxa -dayaqsan. Hələ o şagirdin uğuru heç bir qiymətli hədiyyə ilə əvəzlənə bilməz, heç bir söz o gözəlliyi əvəz edə bilməz. Mənəvi bir gözəllikdir.
-Bəz işinizin, çətin tərəflərini nədir?
- Çətinlik hər zaman yolun palçıq olması, minik tapa bilməmək deyil. Məktəb rəhbərliyi, təhsil şöbə müdirləri və əməkdaşları ilə çoxlu sayda çətinlik yaranır. Gah direktor pul istəyir, gah direktor müavini dərs cədvəlini pulla qurur, gah təhsil şöbəsi haqsızlıq edir, gah da əməkdaşları yoxlama adı ilə pul alırlar. Hansı ilə mübarizə aparasan? Müəllimin vəzifəsinə tədris etmək deyil, kiminsə qarnını doydurmaq da əlavə edilir. Bu zaman həmin müəllimdən nə tələb edə bilərsən? Düzdür, bəzi müəllimlər də vəzifəsini anlamır. Amma haqqını bilən, vəzifəsini layiqincə yerinə yetirən müəllim də az deyil.
-İstərdim bir az da kurrikulum sistemindən danışaq. Bəzi müəllimlər kurrikulumun olduqca çətinliyini vurğulayırlar....
-Kurrikulumu bəzən səhv anlayırıq. Bunun səbəbləri var. Kurrikulumu dərk etməmiş tətbiq olundu. Biz kurrikulumu çox zaman sadəcə imtahanda düşən suallara cavab tapmaq üçün oxuyuruq. Kurrikulum sərbəst şəkildə öyrənməkdir. Bəzi müəllimlər direktorlara, təhsil şöbə müdirlərinə sərbəst şəkildə fikrini ifadə edə bilmir, şagirdə necə müstəqil ifadə imkanı öyrədəcək? Burada şagird özü müstəqil araşdırıb, öyrənməyə daha çox yer verməlidir. Ancaq gəlin görək tətbiq edilə bilirmi? Daha da təkmilləşməyə ehtiyacımız var.
-Bildiyiniz kimi, ölkəmizdə karantin rejimi var. Onlayn dərslərin keçirilməsində hansısa çətinliklərlə üzləşdinizmi?
-Mövcud vəziyyətdə tədrisi davam etmək üçün bir yol vardı-“online” dərslər. Öncə onu deyim ki, burada internet problemi bizi çox dərinləşdirdi. Bəzən bir sinifdən 4-5 şagird qoşula bilirdi,10 şagird qoşula bilmirdi. Burda müəllimlərin əksəriyyəti fədakarlıq etdilər, könüllü şəkildə öyrətdilər. Ancaq internet problemi bu cəhdlərin qarşısı alındı.
“Virtual məktəb” layihəsi yaradıldı. Layihə gözəl lahiyə idi, ancaq icra etmək o qədər də mükkəmməl olmadı. Birinci növbədə internet problemi, ikinci növbədə şagirddən əlavə müəllimlər də qoşulub istifadə edə bilmirdilər. Lahiyə üçün ilk növbədə müəllimlərə istifadə etmək qaydaları öyrədilməli idi. Olmadı, qeydiyyat prosesində günü bu gündə çətinlik çəkilir.
Nə qədər mahnı qoşsaq da, nə qədər layihəni tərifləmək üçün video rolik hazırlansa da, tutmadı. Deyilir ki, 1 milyon nəfər qeydiyyatdan keçib. Sual verən yoxdur ki, bəs neçəsi istifadə edir? Gələcəyi bilmirəm, layihə bu gün üçün alınmadı. Onsuz da məktəblər açılanda sonra kim istifadə edəcək ki? Teledərslər ən uyğun varinatlardan biri idi. Təhsil Nazirliyi zamanında həyata keçirdi, maksimum çalışdı ki, tədrisdən geri qalınmasın. Ancaq bütün cəhdlərə baxmayaq, yenə də təhsildən kənar qalmalar oldu. Olmalı idi də. Təbii haldır, inanıram ki, karantin bitəndə təhsildən qalmış şagirdlər üçün bu dərslər kompensasiya ediləcək.
-Sizcə, karantin rejimi şagirdlərə və müəllimlərə hansı mənfi təsirləri ilə yadda qalacaq?
-Bəzən valideynlər şagirdlərin telefondan uzaq qalmasını istəyirdilər, amma bu vəziyyətdə məcbur oldular. Şagirdlərin yenidən tədrisə adaptasiya olunmaq mərhələsini bilmirəm çətinlik olacaq ya yox, bunu zaman göstərəcək. Heç bir virtual dərs, real dərsi əvəzləyə bilməz. Müəllimin şagirdlə mənəvi sevgisi belə şagird üçün bir motoviyasıdır. Biz sevgini virtual olaraq deyil, real olaraq daha yaxşı verə bilirik.
-Son olaraq istərdim ki, həmkarlarınıza məsləhətləriniz maraqlıdır...
-Sərbəst şəkildə dərslərini desinlər. Şagirdləri öyrətmək vicdan məsələsidir. Hər kəs vicdanına uyğun hərkət edəcək. Mən nə desəm də xeyri olmaz. Nə təhsil şöbəsinə, nə direktora pul versinlər.Direktorun boğaz vergisi yoxdur ki, müəllimlər onu ödəsin. Öyrətmək qədər gözəl heçnə yoxdur. Öyrənib öyrədək, vəssalam…
Söhbətləşdi: Yeganə Bayramova