O tələbədir, “şamtutan” tutan deyil
“Azərbaycanda kolleclər altıncı barmaq funksiyasını yerinə yetirirlər. Eybəcər və lazımsızdırlar”
Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovanın onlayn dərs zamanı tələbə ilə kobud rəftarını əks etdirən videogörüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan videoda direktor sinif nümayəndəsinə “bizə şamtutan lazım” deyil kimi ifadələr söyləyir.
Bu xoş olmayan görüntülər cəmiyyətdə qəzəb doğurub. Dünyada ən şərəfli peşələr sırasında öz layiqli yerini tutan müəllimliyə xələl gətirən bu “ müəllim” tənqid olunub.
Sonra mətbuata açıqlama verərək guya “şamtutan” sözünün qədim Yunanıstanda işlədildiyini, elektirik olmayan zamanlarda sinifdə otağı şamla işıqlandıran tələbəyə deyildiyini bildirib. Fəqət, əziz “müəllim” bura Azərbaycandır və həmin kəlmənin əsl mənasını hamımız yaxşı bilirik. Elə siz də.
Rəzalət dolu olayla bağlı “Sherg.az”a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, son zamanlar təhsilimiz xoş olmayan hadisələrlə gündəmə gəlir:
“Bu da təhsil sahəsində illərdir, çalışan insanların əməyinə mənfi təsir göstərir. Ölkəmizdə orta ixtisas təhsil müəssisələri ürəkaçan vəziyyətdə deyil. İndi 54 kollecdə 30 mindən çox tələbə təhsil alır. Lakin həmin müəssisələr inkişaf prosesindən tamamilə kənarda qalıb. Keyfiyyətli təhsil verə bilmirlər, nüfuzları yoxdur.
Təhsil alanlar da universitetdən kəsilib, ora üz tutublar. Orta ixtisas təhsil müəssisələrində təlim-tərbiyə və tədrisin aşağı səviyyədədir. Həm də kolleclərin maddi-texniki bazası da zəifdir.
Kitabxanaları yox dərəcəsindədir, resursları köhnədir. Hesab edirəm ki, bu sektorda ciddi islahatlar həyata keçirilməlidir. Bir də orta məktəblərdə müəllimlər imtahanlardan keçib, işə qəbul olunurlar. Kolleclərdə isə bu sistem tətbiq edilmir. İmtahan sessiyalarında da mənfi hallarla rastlaşırıq.
Məsələn, tələbələrdən pul yığılır. Azərbaycanda kolleclər altıncı barmaq funksiyasını yerinə yetirirlər. Eybəcər və lazımsızdırlar”.