"Oxumaq heç vaxt gec deyil"

Aynur İbrahimovanın təşəbbüsü ilə təhsildən kənar qalan ailəli xanımlar ali məktəblərə hazırlanır

Ucarda bir müəllimə qeyri-adi layihə həyata keçirir. O, şagirdlərinin valideynlərini də ali təhsil almaq üçün hazırlaşdırır. Onun layihəsinə qoşulan digər fənn müəllimləri də var. Onlar övladları kimi parta arxasına oturub unıversitetə hazırlaşırlar. Bu vaxta qədər ali təhsil ala bilməyən valideynlər indi həvəslə çalışırlar. Aynur İbrahimova Ucarın Təzə Şilyan kəndində müxtəlif səbəblərdən təhsildən kənar qalan xanımların yenidən tədrisə cəlbi ilə bağlı layihə ərsəyə gətirib. "Oxumaq heç vaxt gec deyil" layihəsi ilə valideynləri ali məktəblərə hazırlayır. Aynur Ibrahimovaya dəstək olan digər həmkarları da var.

Layihə barədə daha ətraflı məlumat almaq üçün təşəbüskar müəllim Aynur İbrahimova ilə söhbətləşdik.  O, "Şərq"ə açıqlamasında bir sıra məqamlara toxunub.



Aynur xanım bildirib ki, o,  həmin kənd məktəbində 8 ildir ki, müəllim işləyir: "Özüm Göyçaydan Ucarın kəndinə gedirəm və uşaqlara dərs deyirəm. Həmin kəndə ilk dəfə gedəndə baxırdım ki, orda xanımların təhsil almasında bir çox problemlər yaranır. Həmin kənddə 8-ci, 9-cu, hətta 7-ci sinifdə nişanlanan qızlar var idi. Lakin dərs deyəndə bəzi qızlar oxumaq istədiklərini, lakin atalarının onlara icazə vermədiyi deyirdilər. Təbii ki, həmin şagirdlərin evlərinə gedirdik və valideynlərlə söhbətlər aparırdıq. Düzdür, mübarizədə qalib gəldiyimiz məqamlar da var idi. Qeyd edim ki, məktəbdən çıxarılma təhlükəsi olan xanımlar sevindirici haldır ki, hazırda tələbədirlər. Univerisitetdə, kollecdə təhsil alırlar. Həmin  kənddə qızlar çox gözəl şəkildə dərslərə qatılırlar. Düzdür, faiz təbii ki, qala bilər, ancaq bu problem müəyyən qədər həll olunub. Təhsil almayan xanımların  probleminin kökündə valideyn müdaxiləsi, erkən nikaha cəlb olunma və maddi imkansızlıq dayanır". 

A.İbrahimova vurğulayıb ki, hazırda dərsə qatılan xanımların demək olar ki, hamısı ailəlidir:


"İçərilərində subay xanım yoxdur. Onu da qeyd edim ki, məni bu addımı atmağa vadar edən səbəb onların uşaqlarının müəllimiyəm. Onlar əvvəllər tez-tez əlaqə saxlayardılar və övladları haqqında məlumat alırdılar. Mənə hər zaman bir söz deyirdilər: "Müəllimə, mən istəyirəm ki, reallaşmayan arzumu övladım həyata keçirsin. O qədər istəmişəm ki, həkim olum, yaxud da ki, müəllim olub. Amma ola bilməmişəm. Çox istəyirəm ki, övladım davam etdirsin".  Deyirdim ki, niyə siz olmayasınız? Deyirdilər ki, müəllimə, bundan sonra gecdir. Biz necə təhsil ala bilərik? Düşünürdüm ki, onları yenidən təhsilə cəlb edim?  Fikirləşdim ki, bu layihəni məktəb bağlanana yaxın edim. Çünki heç bir yerdən maddi baxımından dəstək yoxdur. Düşündüm ki, bunu məktəbin həyətində də olsa biz başlayaq. Sonra zamanla biz virtual da olsa dərslərimizi davam etdirə bilərik. İlk əvvəl tək idim. Heç bir müəllim yox idi. Daha sonradan bu layihəni eşidən digər fənn müəllimləri də müsbət qarşıladılar və  onlar da qoşuldular. Beləliklə, bizim qrup böyüdü.  Artıq Ucarın digər kəndlərindən də dərsə qoşulmaq istəyənlər var.  Hətta Xaçmaz, Şəki, Cəlilabad, Kürdəmirdən qoşulan müəllimlər var. Ən yaşlı şagirdin 46 yaşı, ən kiçiyinin 24 yaşı var. Hər ikisi iki övlad anasıdır. Valideynlər içərisində nənə olanlar da var. Hətta əsgər anası da. Elə valideynlər var ki, dərsə övladları ilə birgə qoşulur. Dərsə qoşulanlara qayınataları, yoldaşları dəstək olanlar da var. Mən onların ailələrindən bu qədər dəstək olacağını sözün düzü gözləmirdim. Ən əsas məqsədimiz  budur ki, şagirdlərimizin valideynləri savadlı olsun, təhsilli olsun. Çünki o zaman şagirdlər də savadlı olacaq, təhsilli olacaq. İkincisi isə təkbaşına övladlarını böyüdən analarımız var. Məqsədimiz odur ki, həmin analar övladlarına dəstək ola bilsinlər. Həm maddi baxımdan,  həm də mənəvi cəhətdən. O xanımları sevə-sevə, rəğbətlə qrupumuza qəbul etmişik ki, onlar həm güclü olsunlar, həm də ki,  yarım qalan arzularını  reallaşdıra bilsinlər". 

Təşəbbüskar layihədə tədris olunan fənlərdən də söhbət açıb:

"Hazırda valideynlərə Azərbaycan dili, riyaziyyat və xarici dil fənni öyrədilir. Daha sonra onlar seçdikləri ixtisasa uyğun olaraq digər fənlərə də cəlb ediləcəklər. Tam olaraq  universitetə, kollecə qəbul olana qədər biz onlara dəstək olacağıq. Çox istərdim ki, hər bölgədə müəllim qrupları yaradılsın. Buna təşəbbüs də  göstərəcəm. Qarşımda bir məqsəd də var ki, hətta evi olmayan, sığınacaqlarda qalan qadınları da bu layihəyə cəlb edək. Qeyd edim ki, bu layihədən əvvəl başqa bir layihəm də var idi. O, uşaq evindəki qızlarla bağlı idi.  Yəni uşaq evindəki qızlarımızı da təhsilə cəlb etmişdik. Bu layihə də onun davamıdır.  Qeyd edim ki, valideynlərin hazırlığı təmənnasıszdır. Hətta onlar arasında rəqabət olsun deyə,  hər mövzunun sonunda yaxşı nəticə göstərən valideynlər mükafatlandırılacaqlar ki, daha çox həvəslənsinlər. Təbii ki, bütün bunların hamısı bizim öz hesabımızadır. Mənim bir istəyim odur ki, oxusunlar, yaxşı nəticə əldə etsinlər. 40 yaşından yuxarı qadınlar var ki, qoşulmaq istəyirlər, amma çəkinirlər. Hesab edirəm ki, bizim nəticəmiz yaxşı olduqdan sonra çəkinən xanımlar da ürək edəcəklər və dərslərə qoşulacaqlar. Nəhayət ki, bu layihə ilə təhsil almaq istəyib təhsildən geri qalan xanımlarımız da  istəklərinə nail olacaqlar. Hazırda əyani dərslərimizə 9 xanım qoşulub. Tibb sahəsi ilə, müəllimliklə maraqlananlar var. Say etibarilə müəllimliyi seçmək istəyənlər daha çoxdur. Bir məqamı da qeyd edim ki, hətta xanımların övladları da analarının dərslərdə iştirakını müsbət qarşılayırlar. Kürdəmirdən gələn valideynin övladı bildirirdi ki, anamın qəbul olacağına inanıram. İnanırsınız, övlad anaya stimul verir. Bu bizi həqiqətən də çox sevindirir. Çox istərdim ki, Təhsil Nazirliyi də bu layihəyə dəstək versin. Çünki təhsil ala bilməyən o qədər xanımlarımız var. Onların təhsili olsa, inanın ki, bu, bizim təhsilimizin keyfiyyətinin artmasına və inkişafına səbəb ola bilər. Buna görə də Təhsil Nazirliyindən dəstək gözləyirik ki, bu layihəni dəstəkləsinlər. Çox yaxşı olardı ki, bu layihə ictimailəşdirilsin. Bölgələrdə müəllim qrupları yaradılsın və dərslərin keçirilməsi üçün yer, məkan  yaradılsın. Ümumiyyətlə, Təhsil Nazirliyi qəbul olan valideynlərə dəstək olarsa, çox gözəl olar".