Ən çətin proses müsahibə mərhələsidir

Direktor vəzifəsinə işə qəbulla bağlı bugünədək yüzlərlə namizədin haqqı tapdanıb


Artıq bir neçə gündür ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. İlkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək. Bu barədə Təhsil Nazirliyinin Mətbuat Xidməti məlumat verib. Qeyd edək ki, pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə keçiriləcək.

İmtahanlar S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək. Qeyd edilir ki, hər günün sonunda Təhsil Nazirliyinin rəsmi internet saytındakı müvafiq bölmədə həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan olunacaq. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub-olmadıqları barədə məlumatla tanış olmaq imkanı əldə edəcəklər. Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Elşən Ramizoğlu deyib ki, direktorların işə qəbul müsabiqəsində ən çətin proses müsahibə mərhələsidir:

"Çətin o deyil ki, suallar çətin olur. Xeyr, burda müxtəlif bilmədiyimiz bir sıra məqamlar var. Qeyd edim ki, bu günə kimi direktorların işə qəbul müsahibəsində Təhsil Şöbəsinin rəyi vacib amil olub. İndi isə necə olacaq, onu bir müddətdən sonra daha dəqiq biləcəyik. Qeyd edim ki, həqiqətən də indiyədək yüzlərlə namizədin haqqı tapdalanıb. Təsəvvür edin ki, yerli Təhsil Şöbəsinin müdirinə pul verilməyib deyə namizəd haqqında yalan informasiyalar verən müdirlər, hətta əməkdaşlar da olub. O şəxs müsahibədən kəsilib və nə qədər haqqını bərpa etməyə çalışsa da, mümkün olmayıb. Deyirlər ki, direktorların işə qəbul imtahanı şəffaf olub. Bir söz demirik. Əlbəttə, namizəd Təhsil Şöbəsini "görübsə", müdir də buna uyğun orda rəy veribsə və nazirlik də bununla razılaşırsa, burda şəffaflıq hansı məqamdır?".

Təhsil eksperti direktorların işə qəbul proqramı məsələsinə də toxunub:

"Hesab edirəm ki, bu il imtahan prosesi keçən illərdən fərqli olacaq. Çünki müsahibə üçün proqram var. Proqramdan kənara çıxmalar olacaq, yoxsa yox, bu barədə isə dəqiq bir söz deyə bilmərəm. Bunu yalnız müsahibə prosesində biləcəyik, əslində isə çıxılmamalıdır. Çünki bu, namizədin hüququnu pozmuş sayılır.

Qeyd edim ki, müsahibədə əsasən insan amili rol oynayır. Təbii ki, bu da şəffaflığa kölgə salır. Hansısa məmurun müəllimə qarşı qərəzi varsa, bunu müsahibədə də göstərirsə, nə demək olar?

Kimə demək olar? Kimdən kimə şikayət edək? Test imtahanında baxırsan biri 39 bal toplayır, biri 26 bal toplayıb. 26 bal toplayan müdirə yaxın olub təyinat alır, 39 bal toplayan heç kimi görməyib deyə onu imtahandan kəsirlər. Sonra da deyilir ki, test imtahanında toplanan ballar sadəcə müsahibə üçün keçərlidir. Söz tapmıram.

Bu yaxınlarda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov qeyd edib ki, hansısa qurumların rəyi önəm daşımır. Yadımdadır, keçən il də demişdilər rəy vacib amil deyil, amma reallıq isə onu demir.

Daha maraqlısı isə budur ki, müsahibədən kəsildinsə, apelyasiyanın da bir rolu olmur. Hətta elə fikir yaradılıb ki, namizəd apelyasiya verərsə, bu, nazirliyə qarşı çıxmış olur. Bu il qismət olsa, müsahibədə mən də iştirak edəcəm.

İnanıram ki, yeniliklər müsbətə doğru olacaq. Yəqin ki, son 2-3 il də direktorların işə qəbulunda yaşanan vəziyyətdən fərqli olaraq, bu il vəzifəli şəxslərin tapşırığından çox verilən cavablara fikir veriləcək.

Ümumiyyətlə, bu il üçün müsahibə proqramına baxsaq, Təhsil Qanunu, Əmək Məcəlləsi, idarəçilik və dünyagörüşü haqqında suallar olacaq. Bütün namizədlərə uğurlar arzulayıram".